Pambıqdan nə istehsal edirik - rəqəmlər

 

Ölkədə "ağ qızıl”dan son məhsulun əldə olunması imkanları elə də yüksək deyil

Azərbaycanda bu il müstəqillik dövrü üzrə rekord həcmdə pambıq istehsal olunub. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, dekabrın 8-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 294 min 546 ton məhsul təhvil verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz çoxdur. Keçən il dekabrın 18-dək 228 min ton pambıq tədarük olunmuşdu.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il pambıq yığımına 435 kombayn cəlb olunub. Məhsulun 90 faizi kombaynlar vasitəsilə yığılıb.

Qeyd edək ki, bu il Azərbaycanda 100 min 111 hektar ərazidə pambıq əkilib. Saatlı (13 min 741 hektar), Ağcabədi (10 min 452 hektar), Biləsuvar (10 min 257 hektar), Bərdə (10 min 140 hektar), Beyləqan (9 min 706 hektar), Sabirabad (8 min 630 hektar) və İmişli (7 min 492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardır.

Qeyd edək ki, Azərbaycanda pambıq istehsalının artırılması ondan son məhsulun əldə olunması istiqamətində də işlərin sürətləndirilməsini tələb edir. Belə ki, pambıqdan son məhsulun əldə olunması üçün ölkədə müvafiq infrastruktur hələ qurulmayıb. Azərbaycanda 24 pambıq emalı zavodu fəaliyyət göstərir ki, onların 23-nün illik istehsal gücü  465 min tondur. Ötən ilin sonlarında fəaliyətə başlayan Ucar Pambıq Emalı Zavodunun istehsal gücü isə 40 min ton təşkil edir. Yəni istehsal olunan pambığın hamısını emal etməyə güc var. Amma mahlıcın ipliyə çevrilməsi üçün ölkədə potensial azdır. Ötən ilədək respublikada illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərirdi. 2018-ci ilin fevralında Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-yə məxsus iki iplik fabriki işə salınıb. Fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu "Ring”, 10 min tonu isə "Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur.

"Ring” üsulu ilə istehsal edilən pambıq-poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunur. "Open End” üsulu ilə alınan iplik isə daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur.

Göründüyü kimi, mahlıcdan ipliyin əldə olunması üçün ölkədə istehsal gücü yetərincə deyil. Bundan əlavə, əldə olunan ipliyi parçaya, parçanı paltara çevirmək potensialı da çox məhduddur. Pambıqçılığın sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ehtiyac yaranıb.

Mahlıcdan ipliyin, iplikdən parça, ondan isə son məhsul əldə olunması üçün zəruri infrastrukturun, istehsal gücünün olmaması üzündən yığılan pambığın xeyli hissəsi mahlıc və iplik şəklində ölkədən kənara satılır. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 72 min 814,2 ton pambıq mahlıcı istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41 faiz daha çoxdur.  İplik istehsalı isə qeyd olunan dövrdə 31 min 96,1 ton olub ki, bu da ötən ilin eyni dövründəkindən 42,3 faiz çox deməkdir.

pambıq ile ilgili görsel sonucu

On bir ayda ölkədən kənara ixrac olunan pambıq mahlıcı 78 min 493,48 ton, pambıq ipliyi isə 11 min 541,84 ton təşkil edib. Birincidən əldə olunan gəlir 108 milyon 833,12 min dollar, ikincidən qazanc isə 27 milyon 306,22 min dollar təşkil edib. Yəni mahlıcın bir tonu xaricə 1386 dollara, ipliyin tonu isə 2366 dollara satılıb.  Bu fərq pambıqdan son məhsulun əldə olunmasının nə qədər əlavə dəyər əldə etməyə imkan verəcəyini göstərən amillərdən biridir. Nəzərə almaq lazımdır ki, iplik son məhsul deyil, ondan parça, parçadan müxtəlif geyim və sair məhsulların əldə olunması da dəyər zəncirinin mühüm halqalarından biridir.

Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda trikotaj məhsulları müəssisələri işləyir: "Şəki tekstil, Şəki-İpəkdə, Gilan Tekstil parkında toxuculuq fabrikləri mövcuddur. Onların istehsal gücü daxili tələbatı tam qarşılamaq, həmçinin xaricə də məhsul ixrac etmək imkanındadır. Lakin mövcud müəssisələrdə pambıqdan əldə olunan heç də bütün məhsulları istehsal etmək mümkün deyil.  Belə ki, mütəxəssislərin sözlərinə görə, Azərbaycanda istehsal olunan pambıq yüksək keyfiyyətli geyim istehsalı üçün uyğun deyil. Bir neçə il əvvəl istehsal olunan pambığın keyfiyyəti qənaətbəxş deyildi: pambığın orta lif uzunluğu, qalınlığı, təmizliyi və sair göstəricilər baxımından. Son illərdə bu sahədə yaxşı nəticələr əldə olunur. Düzdür, Azərbaycan pambığı hələ də yüksək keyfiyyətli, brend geyim istehsalı üçün uyğun deyil. Lakin Azərbaycanda əvvəllər olmuş toxuculuq sənayesinin - yataq dəstləri, bez məhsulları və sair istehsalının bərpası real hesab olunur. Çünki ölkədə istehsal olunan pambığın keyfiyyəti buna imkan verir. Düzdür, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pambığın keyfiyyətinin və məhsuldarlığının artırılması istiqamətində işlər görülür. Belə ki, ötən il pambıqçılıqda orta məhsuldarlıq 17 sentner\ha təşkil edirdisə, bu il bu göstərici 29 sentner\ha-ya çatdırılıb. Nazirlik növbəti illərdə daha yüksək məhsuldarlığa və keyfiyyətə nail olmağı hədəfləyir.

Onu da bildirək ki, bu ilin 11 ayında Azərbaycanda 18568,0 min kvmetr hazır pambıq parçalar (ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz çox), 568 min ədəd pambıq yataq ağları (15,4 faiz çox), 332,2 min ədəd üst geyim (12,1 faiz azalma), 514,8 min ədəd alt geyimi (8,7 faiz azalma) istehsal olunub.



Oxşar Xəbərlər

Xəbər lenti