Türkiyənin Afrin əməliyyatı:“ABŞ-ın nə dediyinin bizim üçün daha önəmi yoxdur” - Təhlil

 

Pyer Aski

L'OBS (Fransa), 23.01.2018

 

Türkiyə, doğrudanmı, NATO-dan çıxacaq? Hələ bir neçə il qabaq Türkiyə 1952-ci ildə soyuq müharibənin gedişində Alyansa qoşulanda və şərq "cinahında” onun əsas dayaqlarından birinə çevriləndə bu cür sual ağla gəlməzdi. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın açıqca ABŞ-a qarşı durduğuna və Suriyada müharibənin bitdiyi elan ediləndən sonra Yaxın Şərqin yenidən qurulmasında təşəbbüsü ələ keçirmək cəhdinə  baxmayaraq indi də bu cürdür.

Türkiyə ordusunun Suriyanın şimalında Afrində şənbə günü kürd qoşunlarına qarşı başladığı hərbi əməliyyat ABŞ və Türkiyənin müxtəlif yanaşmalarının daha bir nişanəsidir. Özü də prezident Ərdoğan hətta bunu gizlətməyə çalışmır. O, istehzalı "Zeytun budağı” adıyla əməliyyatın başlandığını elan edərək bildirib: "ABŞ-ın nə dediyi bizim üçün daha önəm kəsb etmir. Biz Afrində, sonra isə Mənbicdə əməliyyata başlayırıq. Biz İraqa qədər yolu təmizləyəcəyik”.

 

Qarşıdurma

 

İŞİD-lə mübarizədə amerikalıların "Demokratik Birlik”dən Suriya kürdlərinə istinad etmək və Raqqanı cihadçılardan geri almaq qərarından bəri bu qarşıdurma artıq bir neçə aydır sürür. Bu strategiya özünü doğruldub, çünki Raqqa ABŞ aviasiyası və xüsusi xidmətlərindən dəstək alan kürdlər və ərəblərin arasındakı alyans SDQ-nin əlinə keçib. Ankara isə SDQ-i Türkiyənin savaş durumunda olduğu PKK-nın Suriya təmsilçiliyi sayır.

Suriyada Türkiyə və İraqla sərhəddə əsasən "Xalq özünümüdafiə dəstələri” və "Suriya demokratik qüvvələri” üzvlərindən ibarət 30 min nəfərlik ordu yaradıldığı haqda məlumat Türkiyə prezidentini hiddətə gətirib. Ərdoğan öz ölkəsinin suverenliyinə "həmlə”dən danışıb və NATO üzrə müttəfiqlərinin bu təşəbbüsünü "rüşeymində” boğmağı vəd edib.

 

"Biz Qüdsdən getməyəcəyik”

 

Bu, ölkələr arasında münaqişələrin yeganə qaynağı deyil. Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq və Amerika səfirliyini ora köçürmək haqda bu yaxınlardakı qərarı Ərdoğana müsəlmanlar üçün üçüncü müqəddəs ocağın müdafiəçisi kimi çıxış etmək, bununla da Fələstində yəhudi qəsəbələrinin inşasına qarşı çıxış edən Osmanlı imperiyasının Sultanı II Ədülhəmidin xəttini davam etdirmək imkanı verib. Türkiyə prezidenti dekabrda öz partiyası qarşısında çıxış edərək deyib: "Cənab Tramp, biz Qüdsdən getməyəcəyik. Qüds müsəlmanlar üçün qırmızı xətdir”.

ABŞ Ankaranın Rusiya ilə yaxınlaşması və Türkiyənin Rusiyadan S-400 RƏM sistemi almasına tənqidi yanaşır. Bu, NATO-ya üzv ölkə üçün yetərincə qəribə hərəkətdir. Ərdoğan keçən ay Soçidə Putin və İran prezidenti Həsən Ruhaniylə görüşüb ki, Suriyadakı durumu müzakirə etsin. Halbuki Vaşinqton Yaxın Şərqdə İran oyununa qarşı çıxış edir. Ərdoğan Afrində əməliyyata başlamazdan qabaq bu addımı Rusiya hökuməti təmsilçiləriylə müzakirə etmək üçün hərbi məmurları Moskvaya göndərib.

Bu strateji ziddiyyətlər Türkiyə və NATO arasında bağları zəiflədib. Əlbəttə, NATO siyasi böhranlardan artıq keçib – o cümlədən, 1974-də Türkiyə Kiprə müdaxilə edərkən və yaxud 2003-də İraqa müdaxilə üçün Amerika qoşunlarını öz ərazisindən buraxmaqdan imtina edərkən.

 

Üst-üstə düşməyən maraqlar

 

Lakin Alyans NATO üzvlərindən birinə hücumun qalan üzv dövlətlərə hücum sayılacağından danışan Nizamnamənin 5-ci bəndində təsbit olunmuş inama əsaslanır. Bu gün isə Suriya müharibəsində türklər və amerikalıların müxtəlif maraqları var və hətta üz-üzə gələ bilərlər və bu, görünməmiş bir durumdur.

Türkiyə artıq NATO-nun önəmli üzvü, keçən ilin iyulunda İŞİD-ə qarşı beynəlxalq koalisiyanın tərkibində Türkiyənin strateji baxımdan mühüm İncirlik bazasında yerləşən qoşunlarını çıxarmaq qərarına gələn Almaniya ilə üzülmə vəziyyətindədir. Almaniya hökumətinin qərarı Ankaranın alman parlamentarilərinə öz əsgərlərinə baş çəkmək icazəsi verməyəndən sonra gəlib.

Hələ bundan əvvəl NATO-nun Norveçdə səhlənkarlığı durumu ağırlaşdırıb: çağdaş Türkiyənin qurucusu Mustafa Kamal Atatürk "düşmən”, prezident Ərdoğanın özü isə "düşmənlə əlbir”  adlandırılıb ki, bu da sonradan Alyansın Baş katibinin üzr istəməsini tələb edib… Ərdoğanın çevrəsi dəfələrlə NATO-nu tərk etmək hədəsi gəlib ki, bu da heç kimi təəccübləndirməzdi. Amma istisna deyil ki, bu, alternativ alyanslar strategiyası hazırlamağa cəhd edən Türkiyə prezidentinin strateji maraqlarına cavab verir. Onun Parisə bu günlərdəki səfəri göstərir ki, tənqid və ittihamlara baxmayaraq keçmiş müttəfiqlərilə bağları tamamilə üzmür.

 

Kürdlərlə mübarizə kabusa dönüb

 

Ərdoğanın Rusiya və İranla yaxınlaşmasının, həqiqətən də, öz hüdudları var. Dəməşqi dəstəkləyən Rusiyanın Suriyada hətta Moskvada öz təmsilçiliyi olan kürd könüllü yığmasıyla çoxdan münasibəti var. Moskvanın Afrində Türkiyənin hərbi əməliyyatlarından birbaş öncə geri çağırılan təmsilçiləri var idi. Ankara yanvarda Rusiya aviasiyasının dəstəyi ilə Əsəd ordusunun İdlibə hücumuna qarşı etiraz edib. Türkiyə prezidenti faktiki olaraq son illərdə onun Suriyada yürütdüyü və hətta Əsədin gedişini sürətləndirmək üçün bir müddət cihadçıları gizlicə dəstəklədiyi siyasətdən başlayaraq bütün strateji variantlarının necə iflasa uğradığını müşahidə edib. Və PKK-nın Suriyadakı müttəfiqləri Amerikanın dəstəyini alanda və Türkiyə sərhədlərinin lap yaxınlığında üstün qüvvəyə çevriləndə onun kürdlərə mübtəlalığı dəhşətə çevrilib. Ankara 2011-in ərəb inqilablarından faydalanmaq istəyib ki, özünü bölgədə üstün və durumu sabitləşdirən dövlət kimi elan etsin, yekunda isə, əksinə, zəifləmiş və yolunu itirmiş kimi çıxıb.

Son bir neçə ilin sarsıntılarından sonra bölgəsəl tarazlıq yenidən bölüşdürülərkən Ərdoğanın uduşlu strategiyanı heç cür seçə bilmədiyinin səbəbləri Türkiyə prezidentinin 2016-nın iyulunda dövlət çevrilişi cəhdini boğmağı bacardığı qəddarlıqla heç cür bağlı deyil. Jurnalistlər, hüquqşünaslar, dövlət qulluqçuları, müəllimlər – heç kim təmizləmə və özbaşınalıqdan yayına bilməyib…  

Suriya müharibəsinin burulğanında Amerika tərəddüdləri, Rusiya qətiyyəti, İran nüfuzu və Səudiyyə Ərəbistanının əks-hücumlarıyla Türkiyə hər şeydən əvvəl buna yönəlib ki, kürd ordusunun onun sərhədləri yanında durmasına imkan verməyərək bu münaqişədə böyük uduzan tərəf olmasın. Bu zaman özünü köhnə ittifaqlarını təhlükə altında qoymaq riskinə gedir – o dərəcədə ki, günlərin birində bu suala cavab verməli olacaq: Türkiyə NATO-nu tərk edəcəkmi?

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti