TEHRANIN QARABAĞ SİYASƏTİ DƏYİŞİRMİ? –Bakının İrandan daha böyük gözləntiləri var... TƏHLİL

TEHRANIN QARABAĞ SİYASƏTİ DƏYİŞİRMİ? –Bakının İrandan daha böyük gözləntiləri var... TƏHLİL

 İlham Əliyev yanvarın 16-da İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerini iqamətgahında qəbul etdi. Prezident Azərbaycan-İran ikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi.

Həqiqətən Iran-Azərbaycan əlaqələri indiki qədər intensiv olmamışdı. Məsələn, son illər ərzində prezidentlər səviyyəsində 10-dan çox görüş keçirilib. Bu il ərzində Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşü də nəzərdə tutulub. Budəfəki görüş yeri Moskvadır.

Azərbaycan parlamentinin sədri Oqtay Əsədov da Məhəmməd Baqeri ilə görüşdü. Oqtay Əsədov iranlı qonaqla görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafından danışdı. Oqtay Əsədov özü də bu yaxınlarda Tehranda səfərdə olmuş və prezident Həsən Ruhani tərəfindən qəbul edilmişdi. Xatırlatmaq lazımdır ki, İran prezidentləri Tehranda nadir hallarda xarici ölkələrin parlament sədrləri və ya nazirləri ilə görüşürlər. Ancaq İran prezidenti Azərbaycan üçün istisna etdi. Digər tərəfdən, Azərbaycan rəsmilərinin Tehrana səfərlərinin proqramının hazırlanmasında İranın Azərbaycandakı səfiri, əslən azərbaycanlı Cavad Cahangirzadə fəal iştirak edir. Cavad Cahangirzadə səfir olmasına baxmayaraq, İranın yüksək vəzifəli şəxsləri, o cümlədən İran parlamentinin sədri Əli Larincani ilə sıx əlaqələri var və o bu əlaqələrdən istifadə edərək iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirməyə çalışır.

İran ordusunun baş qərargah rəisi Məhəmməd Baqeri Bakıda maraqlı açıqlama verdi. Məhəmməd Baqeri bildirdi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir: "İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir. İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”.

İran rəsmilər əvvəllər də bir neçə dəfə Azərbaycan torpaqlarının işğal altında olduğunu vurğulamışdılar. Ancaq Məhəmməd Baqeri bu dəfə Qarabağla bağlı açıqlamanı elə dedi ki, sanki Tehran Qarabağ məsələsində Azərbaycana dəstəyi artırmağa hazırdır. Digər tərəfdən, İran ordusunun baş qərargah rəisi Qarabağla bağlı açıqlamanı xüsusi vurğulamaq üçün Bakıda televiziya jurnalistləri (içərilərində İranın televiziya kanallarının əməkdaşları da çox idi) üçün qısa birifinq keçirdi. Yəni sanki Məhəmməd Baqeri istəyirdi ki, onun Qarabağla bağlı açıqlamasını hamı eşitsin.

Məhəmməd Baqerinin Azərbaycana dəstək açıqlaması nə ilə əlaqələlidir?

Birincisi, Məhəmməd Baqeri əslən azərbaycanlıdır, Təbrizdə doğulub. İran hakimiyyətində və dini dairələrində azərbaycanlıların sayı az deyil. Əlbəttə, bu azərbaycanlıların bir qismi İranın milli və təhlükəsizlik maraqlarından çıxış edirlər. Ancaq hətta həmin azərbaycanlılar görürlər ki, İranda heç də hər şey qaydasında deyil və onların bir qismi azərbaycanlıların təbii maraqlarına simpatiya ilə yanaşırlar. Həmin azərbaycanlıların bir qismi İranın Ermənistanla əlaqələrinə də xoş baxmaya bilərlər. Mümkündür ki, Məhəmməd Baqeri bir azərbaycanlı olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycana qətiyyətli dəstəyi Bakıda vurğulamağı lazım bilib. Baqeri Bakıdakı açıqlamasını İran prezidenti və ya ali dini lideri ilə razılaşdırmaya da bilərdi. Baqerinin açıqlaması öz liderlərinə mesaj əhəmiyyəti də daşıya bilərdi, yəni Tehran Ermənistanla münasibətlərdə Azərbaycan torpaqlarının işğalı amilini unutmamalıdır.

İkincisi, Məhəmməd Baqerinin açıqlaması Tehranın düşünülmüş siyasəti də ola bilər. Moskva kimi Tehran da Ermənistanın yeni baş naziri Nikol Paşinyanın xarici siyasətindən narazı ola bilər. Ermənistan hakimiyyətindəki "Qarabağ klanı” 20 il həm Moskvanı, həm də Tehranı qane edirdi. Çünki, "Qarabağ klanı” Moskva ilə Tehranın oyun qaydalarını qəbul etmişdi. Paşinyan "Qarabağ klanının” cızdığı oyun qaydalarını qəbul etmir. Ona görə də Tehran Paşinyana ehtiyatla yanaşır. Mümkündür ki, Tehran Azərbaycana dəstəyini bir qədər artırmaqla Paşinyana təzyiq etmiş olur. Bu halda Məhəmməd Baqerininin açıqlaması Tehranın Paşinyana təzyiq vasitəsinin tərkib hissəsidir.

İran ordusunun baş qərargah rəisinin Azərbaycana səfərinin başqa bir səbəbi də ola bilər. Ümumiyyətlə son bir il ərzində İrandan Azərbaycana gələn yüksək rütbəli hərbçilərin sayı artıb. Görünür, Tehran bu yolla əmin olmaq istəyir ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarında yer almayacaq. Rəsmi Bakı hər dəfə deyir ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarında yer almayacaq, üçüncü dövlətlərin əlində alət olmayacaq və s. Ancaq bu açıqlamalar heç də həmişə İran rəsmilərini və hərbçilərini rahatlatmır. Ona görə də onlar hər dəfə Bakıya gəlir və eyni açıqlamaları Azərbaycan rəsmilərinin dillərindən eşitmək istəyirlər. Məhəmməd Baqeri də bunun qarşılığında Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verdiklərini söylədi. Ancaq Azərbaycan üçün bu azdır. Azərbaycanın Tehrandan gözləntisi budur ki, İran Qarabağ məsələsində Türkiyə kimi mövqe tutsun, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla diplomatik əlaqələri kəssin, sərhəddi qapatsın. İran belə bir addım atarsa bu Nikol Paşinyanın Qarabağ siyasətini ciddi korrektəyə məcbur edə bilər.

"Atlas” Araşdırmalar Mərkəzi



Oxşar Xəbərlər

Xəbər lenti