Samir Şərifovun uğuru, yoxsa uğursuzluğu

Samir Şərifovun uğuru, yoxsa uğursuzluğu

Maliyyə nazirinin son addımı müxalifət tərəfindəbn tənqidlərlə qarşılandı

Maliyyə naziri Samir Şərifovun "Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan və Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş istiqrazlar üzrə Böyük Britaniya və ABŞ-da investorlar üçün keçirilən təqdimatlarla bağlı ABŞ-a səfərinin uğurla keçdiyi iddia olunur. Samir Şərifovun rəhbərliyi altında Maliyyə Nazirliyi, "Cənub Qaz Dəhlizi” QSC və Dövlət Neft Fondunun nümayəndələrindən ibarət heyətin investisiya bankları sindikatının dəstəyi ilə keçirdiyi görüşlərdə və təqdimatlarda həm layihə, həm də Azərbaycan iqtisadiyyatı barədə investorlara ətraflı məlumat verilmiş, dünya xammal bazarlarında qiymətlərin kəskin enməsinin ölkə iqtisadiyyatına təsirləri və Azərbaycan hökumətinin bu təsirlərin yumşaldılması məqsədiylə həyata keçirdiyi tədbirlərdən bəhs olunmuşdur. Qeyd olunmuşdur ki, Azərbaycanın mövcud fiskal və xarici mövqeyi, qabaqlayıcı tədbirlərin görülməsi, həyata keçirilən iqtisadi siyasət və islahatlar davamlılığı təmin edir. Böyük Britaniya və ABŞ-da keçirilən təqdimatlarda nüfuzlu investorların Azərbaycana böyük diqqəti bir daha təsdiqlənmiş, bunun ifadəsi kimi "Cənub Qaz Dəhlizi" QSC tərəfindən ilk 1 milyard ABŞ dolları həcmində 10 illik istiqrazların buraxılışına ciddi maraq nümayiş olunmuşdur. "Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" banklarından ibarət sindikat səlahiyyətləndirilmişdir. "Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda cıxıs edir. Buraxılışın gəlirliyi suveren istiqrazlara nəzərən 80 baza bəndi təşkil edib. "Cənub Qaz Dəhlizi” şirkətinin istiqrazlarının emissiyası dövlət təminatı altında 7% gəlirliklə 1 milyard dollar həcmində proqnozlaşdırılırdı. Lakin "Citi Bank”, "UniCredit” və "JP Morgan” bir gün ərzində bu səviyyədə qiymət əmələ gəlmə prosesini bitirə bilməyiblər. Qiymətli kağızlar nominalın 99,112 faizi həcmində 6,875 kupon faiz dərəcəsi ilə satılıblar. İqtidar mediasında bunlar maliyyə nazirinin uğuru kimi qələmə verilir. Ancaq müxalifət tamamilə fərqli düşünür. Bu günlərdə ölkəyə dönəcəyini elan edən və hal-hazırda ABŞ-da olan Qubad İbadoğlu Azərbaycan hökumətinin "Cənub Qaz Dəhlizi” layihəsi üçün xaricdən borc alınması siyasətini tənqidə məruz qoyub. Onun fikrincə, Dünya Bankının şərtlərini qəbul edib şəffaflığı və hesabatlılığı artırmaq, əvəzində sərfəli şərtlərlə kredit almaq daha məntiqli olardı, nəinki yüksək faizlə vəsait götürmək. İbadoğlu öz facebook səhifəsində yazıb ki, Azərbaycan hökuməti "Cənub Qaz Dəhlizi” QSC-nin səhmlərini illik 6,9%-lə yerləşdirir. Bu, çox yüksək borc öhdəlikləridir ki, bu öhdəliklərin altına girməyə dəyməz. Hazırda Azərbaycanın ildə 16 mlrd. kubmetr qaz keçiriciliyi olan, 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulan Transanadolu qaz kəmərinin (TANAP) həyata keçirilməsi ilə bağlı 5 mlrd. dollar məbləğində kreditə ehtiyacı var. 10 mlrd. dollar dəyəri olan layihədə 58% SOCAR-a, 30% Türkiyənin "BOTAŞ” şirkətinə və 12% BP-yə məxsusdur.

Dünyada neft və qaz layihələrinə maraq azaldığı, kapital qoyuluşu tam azaldığı üçün kredit cəlb edilməsi Samir Şərifovun uğuru kimi qəbul edilə bilər. Ancaq əgər yaxın bir neçə ildə neft və qazın qiymətləri ucuz olaraq qalacaqsa, o zaman Azərbaycan üçün bu bahalı kredit ancaq zərərli olacaq. Fikirimizcə, Azərbaycan bu layihənin bir müddət təxirə sala, neft və qaz bazarında qiymətlərin sabitləşməsini gözləməli idi. Qeyd edək ki, hal-hazırda dünya bazarında neftin bir bareli 40 dollar səviyyəsində, qazın min kubametri isə 200 dollardan ucuz satılır. İstisna deyil ki, bu qiymətlər daha da aşğaı düşcək. Eyni zamanda indi neft və qaza müştəri tapmaq da əvvəlki illərdən fərqli olaraq, asan deyil. Hətta bəzi dövlətlər istehsal etdikləri neft və qazı rəqabət apardıqları ölkələrə satmaq üçün müəyyən qədər siaysi güzəştlərə də gedirlər. Bir müddət əvvəl Gürcüstana qaz satmaq üçün Azərbaycan, Rusiya və İran arasında rəqabət başlamışdı və bu yalnız Bakı qiymətləri ucuzlaşdırdıqdan sonra mümkün oldu. Eyni vəziyyət tezliklə Avropa bazarlarında müşahidə olunacaq.

Digər tərəfdən yenidən neft və qaz sektoruna diqqət ayırmaq iqtisadiyyatın digər sahələrini yenidən nəzərdən kənarda qalmasına gətirib çıxara bilər. Belə görünür ki, hakimiyyət bəyan etməsinə baxmayaraq neft-qaz sektorunu qeyri-neft sektorundan üstün tutmaqda davam edir. Çox yaxşı olardı ki, Samir Şərifov qeyri-neft sektoruna krditlərin cəlb edilməsi istiqamətində ciddi layihələr həyata keçirəydi. O zaman həqiqətən də Maliyyə nazirinin uğurundan danışmaq olardı. Əks halda isə Maliyyə nazirinin indi uğur kimi təqdim olunan bahalı kredit cəlbi yaxın illərdə uğursuzluğa çevrilə bilər.

 

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti