8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sotomayora iki yüz min manat verən dövlət 590 bal yığımış gəncin təhsil haqqına pul tapmır
Rio-de-Janeyro Olimpiya Oyunları bitsə də, bu ali idman yarışları ilə bağlı müzakirələr bitmir. Bunun isə iki səbəbi var. Birincisi, ümumi medal hesabında öz mövqelərini pisləşdirib və 39 –cu yeri tutub. Halbuki, London olimpiadasında 30-cu yeri tutmuşdu. Bu zaman həm də Azərbaycan keçmiş SSRİ respublikaları arasında Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və Gürcüstandan sonrakı yeri tutması da vurğulanlır. Tənqidçilər hesab edir ki, Azərbaycanın Özbəkistan, Qazaxıstan və Gürcüstandan sonrakı yeri tutmasına görə gənclər və idman naziri Azad Rəhimov istefaya gndərilməlidir. Axı bu respublikaların idmana Azərbaycan qədər sərmayə qoymadığını hər kəs bilir. Deməli, dövlətin külli miqdarda vəsait yönəltdiyi sahə öz bəhrəsini verməyib. Üstəlik, yerli idmançıların başqa ölkələrə üz tutduğu, böyük pullar hesabına dəvət olunan əcnəbi idmançıların isə ümidləri doğrultmadığı vurğulanır. Azad Rəhimovun tənqidçiləri tamamilə haqlıdırlar. Azərbaycan nəinki, Rusiya, Ukrayna, Gürcüstan kimi Avropa qitəsinə aid postsovet respublikalarından geri qaldı, hətta Orta Asiyanın Özbəkistan və Qazaxıstan kimi respublikalarının da nəticələrinə çata bilmədi. Azad Rəhimovun müdafiəçiləri isə Türkmənistan, Qırğızıstan və Latviyanın ümumiyyətlə, medal qazana bilməməsi fonunda Azərbaycanın uğurunun daha möhtəşəm göründüyünü vurğulayırlar. Ancaq Azad Rəhimovun tənqidçiləri də təslim olmaq istəmirlər və Keniya, Yamayka kimi ölkələrin uğurlarının Azərbaycanla müqayisədə daha parlaq olduğunu vurğulayırlar. Qeyd edək ki, bu ölkələri təmsil edən idmançılar 6 qızıl medal qazanmaqla ölkələrinin komanda hesabında müfaviq olaraq 15 və 16-cı yerləri tutmasına nail olublar. Keniyada idmana Azərbaycanda olduğu qədər sərmayə qoyulduğunu isə təcəvvür etmək mümkün deyil. Üstəlik, Keniya böyük pullar hesabına əcnəbiləri milli komandaya dəvət etmir. Bu müqayisə Azad Rəhimovun idman siyasətinin tamamilə səhv olduğunu çox bariz şəkildə nümayiş etdirir. Azad Rəhimovun tənqidçilərinin əsas hissəsi isə hesab edir ki, nazir özünü ancaq idman naziri kimi aparır və gənclərlə bağlı öhdəliklərini tamamilə unudur. Buna misal olaraq Olimpiya medalçılarının çox yüksək məbləğdə mükafatlandırıldığı bir zamanda istedadlı gənclərin maddi imkansızlıq ucbatından təhsil ala bilməməsinə diqqət çəkirlər. Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunlarında medal qazanmış idmançılara 2.8 milyon manat, onların məşqçilərinə isə 1.4 milyon manat olmaqla bütövlükdə 4.2 milyon manat mükafat verilməsinə qərar verilib. Bununla bağlı prezident İlham Əliyevin 2016-cı il iyulun 18-də imzaladığı sərəncama görə, Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlandırılması qaydası müəyyən edilib. Bu qaydaya görə isə, birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat, ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat, üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat mükafat verilir. Onu da qeyd edək ki, bu yalnız dövlətin rəsmi şəkildə verdiyi mükafatdır. Bundan başqa federasiyalar da müəyyən mükafatlar verirlər ki, yekunda medal qazanmış idmançı sərəncamda göstəriləndən iki dəfə artıq mükafatlandırılmış olur. Bir çoxları hesab edir ki, dünyanın inkişaf etmiş dövlətlərinin özlərinə rəva görmədiyi mükafatı qalib idmançılara verməklə Azərbaycan çox ağır mövqe tutur. Məsələn, dövlət büdcəsi bir neçə trilyon olan ABŞ-ın qalib idmançılara 25 min dollar mükafat verməsi ilə müqayisədə iqtisadi böhran içərisində çabalayan Azərbaycanın hər bir idmançıya təxminən 250 min dollar mükafat verməsi başa düşülən deyil. Digər tərəfdən, minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olduğu ölkədə, idmançıların belə mükafatlandırılması doğru deyil. Bu ilki test imtahanlarında 590 bal toplayan gənc arzuladığı ixtisasda yalnız ödənişli əsaslarla təhsil ala biləcəyini gördükdən sonra müsabiqədən imtina etdi. Halbuki, Azərbaycan həmin günlərdə kubalı bokusçu Olimpiya Oyunlarında ölkəmizin bayrağı altında çıxış edib gümüş medal qazandığına görə Sotomayora iki yüz min manat mükafat verdi. Sotomayorun artıq unudulan qələbəsinə görə 200 min manat vermək və cəmi 10-15 min manata görə istedadlı gəncləri təhsildən kənarda qoymaq gənclər siyasətinin tamamilə yoxluğundan və yanlışlığından xəbər verir. Sotomayorun qələbəsi Azərbaycana heç bir mənfəət vermir, halbuki bu gün təhsildən kənarda qalan gənclər Azərbaycanın gələcəyində önəmli rol oynaya bilərlər. Buna görə, əksəriyyət belə hesab edir ki, Azad Rəhimov idmana həddindən çox aludə olduğundan gənclər siyasətini unudub və buna görə istefaya göndərilməlidir. Ümumiyyətlə Gənclər və İdman Nazirliyinin ləğv olunmasını, onun səlahiyyətlərinin ayrı-ayrı nazirliklər arasında bölünməsini təklif edənlər də var. Azərbaycanın büdcə vəsaitlərinə qənaət etməli olduğu indiki zamanda bu məsələ həm də artıq iqtisadi məsələyə çevrilib. Buna görə də, yaxın zamanlarda Gənclər və İdman nazirliyinin ləğv ediliyini, nazir Azad Rəhimovun yenidən öz əvvəlki peşəsinə, biznesə qayıtdığını görsəniz, təəccüblənməyin. Çünki, Azad Rəhimov nazir kimi heç bir uğuru ilə yadda qalmadığı kimi, Gənclər və İdman Nazirliyi də sadəcə olaraq bir idman federasiyası kimi fəaliyyət göstərib. İqtisadi böhranın dərinləşdiyi bir zamanda belə bahalı "idman federasiyası”nı saxlamağın lazım olub-olmamasına dövlət başçısı aydınlıq gətirməlidir.
"Yeni Sözçü" qəzeti