8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sərdar Cəlaloğlu: "İndiki sosial vəziyyətdə cavanlar evlənə bilmir, ailələr dağılır, gənc ailələr uşaq dünyaya gətriməkdən imtina edir”
Nazim Bəydəmirli: ""Bakı Bus”un yaradılmasının özü "Antiinhisar haqqında” qanuna ziddir”
Srağagün axşam saatlarında Tarif Şurasının növbəti iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflərin təsdiq edilməsi, yəni qiymətlərin 50 faiz qaldırılması ölkə ictimaiyyətini demək olar ki, şoka salıb. Hansı ki, indi ölkədə az qala hər kəs metroda, avtobuslarda bu bahalaşmadan danışır. "Bundan sonra necə yaşayacağıq” deyə sual edirlər.
Görünür, Tarif Şurasının həmişəki kimi gecələr verdiyi qərarlar əhalinin gününü göy əskiyə bükməyə yönəlib. Əks halda, Tarif Şurası heç zaman əhaliyə xəbəri axşam saatlarında yaymazdı.
Tarif Şurasının yaydığı məlumatda bir neçə ölkədə metro və avtobus qiymətlərinin baha olması əhalinin nəzərinə çatdırılır. Amma Tarif Şurası unudur ki, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 130 manatdır. O ölkələrdə isə minimum əmək haqqı, eləcə də orta aylıq əməkhaqqı Azərbaycandan dəfələrlə çoxdur. İlin əvvəlində İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun paylaşdığı bu yazı yerinə düşür: "Azərbaycanın Avropa ilə müqayisəsinə rişxənd edənlərə demək istərdim ki, neftlə zəngin olan keçmiş sovet respublikalarından - Azərbaycanda 2018-ci il üçün minimum əmək haqqı 64 avro, Qazaxıstanda 72 avro, Rusiyada 139 avro, Türkmənistanda 156 avro təşkil edəcək. Heç bir resursa malik olmayan Ermənistanda minimum əmək haqqı 96,4 avrodur. Gürcüstanda minimum əmək haqqı norması müəyyənləşdirilmədiyinə görə, orta aylıq əmək haqqı göstəricisini müqayisə etmək istərdim. Belə ki, resurslarla kasıb Gürcüstanda orta aylıq əmək haqqı 350 avro, resurslarla zəngin Azərbaycanda isə müvafiq göstərici 262 dollar təşkil edir”.
Avropa statistika idarəsinin 2017-ci ildə ölkələr üzrə orta aylıq maaşlar haqqında açıqladığı məlumata görə, keçmiş post-sovet ölkələri üzrə vəziyyət belədir:
Lider ölkə olan Estoniyada minimum əmək haqqı vergi çıxıldıqdan sonra 993 avro təşki edir. Belə ki, ikinci sırada 691avro ilə Latviya gəlir. Sonrakı yerlərdə bu ölkələrdir: Litva (650 avro), Rusiya (474 avro), Qazaxstan (346 avro), Belarus (320 avro), Gürcüstan (293 avro), Ermənistan (251 avro), Azərbaycan (232 avro) və Ukrayna (190 avro).
Demək olar ki, Azərbaycan tək Ukraynadan öndədir. Orta aylıq əməkhaqqına görə Gürcüstandan 61 avro, Ermənistandan 19 avro geridə olduğumuz halda ictimai nəqliyyatın qiyməti 50 faiz qaldırılır. Halbuki, aldığımız əməkhaqqı ilə bu bahalaşma heç cür uyğunluq təşkil etmir. Görəsən, bu qiyməti qaldıran "toxlar”ın "aclar”dan xəbərləri yoxdur?
"Azərbaycan iqtidarı yanlış iqtisadi siyasət aparır”
Metroda və avtobuslarda gediş haqqının artırılması ilə bağlı Azərbaycan Demokat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Hürriyyət”ə bildirdi ki, Azərbaycan iqtidarı yanlış iqtisadi siyasət aparır: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı etdirilməməsi o vəziyyətə gətirib çıxarıb ki, ölkədə neftdən başqa heç bir sahədən gəlir əldə edilmir. Bu mənada dövlət büdcəsi həddindən artıq ciddi problemlərlə üzləşir. Digər tərəfdən nəhəng korrupsiya büdcəni demək olar ki, tam dağıdıb. Belə olan halda bəzi sosial problemləri həyata keçirmək üçün dövlətə pul lazım olur. Bu pulu əldə eməyin 2 yolu var:
1. Xarici ölkələrdən kredit götürmək.
2. Cərimələri, vergiləri, qiymətləri artırmaq.
Artıq Azərbaycan iqtidarının həddindən artıq xarici borcu olduğuna görə, kredit siyasətini uğurlu apara bilmir. Ona görə də Azərbyacan iqtidarının yeganə bir yolu qalıb, cərimələri, bank faizlərini və qiymətləri artırmaq, yəni bütünlükdə iqtisadi böhranın bütün ağırlığını sadə vətəndaşların çiyninə qoymaq. İndiki halda Tarif Şurasının atdığı addım bununla bağlıdır”.
"İqtidarın aparıdığı siyasət Azərbaycan xalqına qarşı genosid dəyərindədir”
S.Cəlaloğlu hesab edir ki, qiymət artımı bazarı tənzimləmə siyasətidirsə, onda hökumət birinci növbədə minimum əməkhaqqını qaldırmalıdır: "Ondan sonra ona ekvivalent olaraq qiymətləri qaldırmalıdır. Azərbaycanda 10 ildə bir dəfə əməkhaqqı qaldırılmır, ancaq ayrı-ayrı sosial qrupların əməkhaqqısı qaldırılır. Bunun əksinə, qiymətlərin, cərimələrin, bank faizlərinin artımı günbəgün artırılır. Bu, onu göstərir ki, iqtidar Azərbaycan xalqına qarşı istismar siyasətini həyata keçirir. Bu, xalqın istismarıdır. Buna başqa ad vermək olmaz və vətəndaşları var-yoxdan çıxarmağa gətirib çıxaracaq. Qiymətlər artdıqca vətəndaşların gündəlik tələbat və digər mallardan istifadə imkanları məhdudlaşır. Çünki pul çatmır, lazım olan şeyləri ala bilmir. Bu, sonda gətirib vətəndaşların sosial-iqtisadi, o cümlədən sağlamlıq problemlərinə gətirib çıxaracaq. Vətəndaşlar qiymətlər qalxana kimi gündə 1 kq ət alırdısa, indi həftədə bir dəfə alacaq. Amma bu dəfə də sağlamlığında ciddi problemlər olacaq. Bu mənada Azərbaycan iqtidarının siyasəti yalnışdır. Ölkədə qeyri-neft sektoru sürətlə inkişaf etdirilməlidir. Xüsusən kənd təsərrüfatında vəziyyət olduqca ağırdır. Demək olar ki, heç bir addım atılmır, irəliləyiş yoxdur. Ölkədə həm iqtisadi, həm də siyasi monopoliya aradan qaldırılmalıdır. Yalnız bu halda vətəndaşlar özləri öz həyatlarını tənzimləmək imkanı əldə edə biləcək, yoxsa bu cürə qapalı dövlət prinsipi əsasında dövləti idarə etmək, əməkhaqqı qaldırılmadan qiymətləri artırmaq Azərbaycan vətəndaşlarına qarşı iqtisadi genosid siyasətindən başqa bir şey deyil. Birləşmiş Millətlər Təşkilatının "Genosid haqqında” qətnaməsinin 8-ci maddəsində belə bir bənd var ki, ölkədə ağır sosial siyasətin aparılması da genosid kimi dəyərləndirilməlidir. Azərbaycan iqtidarının aparıdığı siyasət Azərbaycan xalqına genosid dəyərindədir. Yəni genosidə bərabər bir siyasətdir. Çünki indiki sosial vəziyyətdə cavanlar evlənə bilmir, ailələr dağılır, gənc ailələr uşaq dünyaya gətriməkdən imtina edir. Bu, nə deməkdir? Millətin kökü kəsilir də. Bu mənada genosiddir”.
"Bu, korrupsiya siyasətinin bütün ağırlığını xalqın üzərinə salmaqdır”
ADP sədri vurğuladı ki, qonşu ölkələrlə təkcə metronun, nəqliyyatın gediş qiymətlərini müqayisə etmək doğru deyil: "Əməkhaqqları da müqayisə olunmalıdır. Məsələn, Rusiyada hər uşaq doğulanda illik olaraq 7-8 min rubl dövlət pul verir. Onda sonra da hər bir uşağa hər ay 150-200 rubl pul verir. Azərbaycanda 1 qəpik də pul verilmir. Əgər sən Rusiyanı nümunə götürürsənsə, nə əcəb vətəndaşların xeyrinə olan məsələlərdə Rusiyanı, Qazaxstanı, Gürcüstanı götürmürsən, o yerdə ki, vətəndaşların əleyhindədir, onda sən Rusiyanı nümünə götürürsən. Elə olsa Rusiyada çoxdan inqilab olmuşdu. Rusiyada qiymətlərin bahalığına baxmayaraq, dövlətin apardığı sosial siyasət ona uyğundur. Uşaq pulu verir. Xəstələrə, tələbələrə kifayət qədər pul verir, tibbi sığorta var. Ona görə də metronun qiymətinin baha olması orada vətəndaşa təsir etmir. Amma sən vətəndaşa heç bir sosial yardım etmirsən, yoxsulluğa qarşı heç bir addım atmırsan, əvəzində də qiymətləri həmin ölkələrlə müqayisə edirsən. Tarif Şurasının bu cürə bəyanat verməsi Azərbaycan xalqının gözünə kül üfürməkdən başqa bir şey deyil və o bəyanat da qiymətlərin qaldırılmasına əsas verə bilməz. Qiymətlərin qaldırılmasının yeganə səbəbi ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi ola bilər. Əksinə, Azərbaycanda geriləmə var. Məsələn, Amerikada qiymətlər Azərbaycandan qat-qat bahadır. Amma Amerikada illik minimum əməkhaqqı 15 min dollardır. İnstitut professorları illik 200 min dollar əməkhaqqı alır. Azərbaycan alimi 1000 dollar əməkhaqqı alır. Sən gətirib Amerikadakı metro haqqı ilə Azərbaycandakı metro haqqını tutuşdura bilərsən? Sənin professorun dilənçi kökünə düşər. Məsələn, qardaş Türkiyədə şəhid ailələri dövlətin nəqliyyat vasitələrindən pulsuz istifadə edir. Azərbaycanda belə şey var? Sən apar camaatı müharibədə öldür və yaxud əlil elə, həm də onun getdiyi yeganə ümidi olan metronun qiymətini qaldır. Əlilə 43 manat pensiya ver, sonra nəqliyyat vasitəsinin qiymətini qaldır. Bu, nə deməkdir? Bu, vətəndaşlara qarşı iqtisadi cinayətkarlıqdır və korrupsiya siyasətinin bütün ağırlığını xalqın üzərinə salmaqdır”.
"Metropoliten heç bir zaman gəlirlərini və xərclərini cəmiyyətə şəffaf açıqlamayıb”
Keçmiş deputat Nazim Bəydəmirli isə qiymət artımı ilə bağlı dedi ki, istənilən bahalaşma istehlakçılara ziyandır: "Bu deyilən fikirlər kimi, birmənalı olaraq istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qəbul oluna bilməz. Eyni zamanda bunu xidmətin artırılması ilə bağlı əsaslandırmaq da doğru deyil. Həm də guya, metropoliten subsidiyalarla işləyib. Amma bu səslənən fikirlər hələ ki, tam sübuta yetirilməyib. Çünki həm metropoliten, həm də avtbus daşımaları ilə bağlı kifayət qədər problemlər mövcuddur. Metropoliten heç bir zaman gəlirlərini və xərclərini cəmiyyətə şəffaf açıqlamayıb. Baxmayaraq ki, bütün investisiya layihələri dövlət büdcəsi hesabına həyata keçirilir. Ancaq gediş haqqının maya dəyərinin 47 qəpiyə çıxdığı heç zaman əsaslandırılmış olaraq cəmiyyətə təqdim olunmayıb. Bu da səmərəsiz idarəetmənin xərcləri istehlsakçının boynuna qoyulur kimi fikirləri formalaşdırır”.
"Bakı Bus” kimi bir trans nəqliyyat şirkətinin yaradılmasının özü "Antiinhisar haqqında” qanuna daban-dabana ziddir”
N. Bəydəmirli avtobuslarla bağlı vurğuladı ki, özəl sahə olan bu sahənin Tarif Şurası tərəfindən tənzimlənməsi əslində, bir absurddur: "Biz Tarif Şurasının əsasnaməsinə baxdıqda bunu görürük. Tarif şurasının yaradılması 2005-ci ilə təsadüf edir. Antiinfliyasiya tədbiri olaraq prezident Tarif Şurasını təsis etmişdi. Əslində, məqsəd o idi ki, ayrı-ayrı qurumların öz sahəsində qiyməti artırmasının qarşısı alınsın və istehlakçıların hüquqları qorunsun. Amma nəticə etibarı ilə son illərdə Tarif Şurası istehlakçların mənafelərinin yox, dövlət qurumlarının mənafelərinin qorunmasına xidmət edir. Əslində, "Antiinhisar fəaliyyəti haqqında” qanunla qadağan olunmasına baxmayaraq, dövlət büdcəsi hesabına paralel strukturların yaradılması, yəni əmtəə yaxud xidmət satışı ilə bağlı azad bazar iqtisadiyyatı instrumentləri işləyən ölkədə, yəni özəl sektorda "Bakı Bus” kimi bir trans nəqliyyat şirkətinin yaradılması özü "Antiinhisar haqqında” qanuna daban-dabana ziddir. Onların infrastukturunun yaradılmasına dövlət büdcəsi hesabına 100 milyonlarla manat xərclənib. Onlar da dolayısı yolla bu vəsaitlərin qiymət artımını Tarif Şurasının əli ilə həyata keçirirlər”.
"Qiymət artımı əsaslandırılmamış olub”
Bəydəmirli hesab edir ki, istənilən qiymət artımına gedilmədən öncə geniş ictimayyyətə dəqiq, qərəzsiz audit rəyləri təqdim olunmalıydı, dinləmlər keçirilməliydi: "Tarif Şurasının əsasnaməsinə uyğun olaraq ictimai qurumlarla təsərrüfat subyektlərindən ayrıca işçi qruplar yaradılıb, bu, əsaslandırılmalıydı, bunun iqtisadiyyata hansı qatqıları olacaqsa, müsbət tərəfləri qeyd olunmalıydı və cəmiyyət bir növ inandırılmalıydı ki, qiymət artımına getmək bu qədər vacibdir. Ancaq məbuata açıqlanan məlumatlardan, görünən odur ki, qiymət artımı əsaslandırılmamış olub. Əslində, bu, bu sahələrin səmərəsiz idarə olunmasından olan izafi xərcləri dolayısı yolla istehlakçılardan çxıartmaqdır”.