Bakı beynəlxalq güclərin maraq dairəsində - NATO və Rusiya arasındakı problemi niyə məhz Azərbaycanda çözməyə cəhd olunur?

Bakı beynəlxalq güclərin maraq dairəsində - NATO və Rusiya arasındakı problemi niyə məhz Azərbaycanda çözməyə cəhd olunur?

 

Sülhəddin Əkbər: "Azərbaycan hələ ki, "boz zona” hesab olunur”

Elxan Şahinoğlu: "Azərbaycan KTMT-nin üzvü olsaydı, NATO Azərbaycanı məkan kimi seçməzdi”

Dünən NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı K.Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov arasında Bakıda görüş keçirilsə də, hələ ki, görüşün detalları mətbuata açıqlanmayıb.

Sadəcə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə ikitərəfli görüşün Bakıda təşkilinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Nəzərə alsaq ki, NATO-Rusiya nümayəndələri ikinci dəfədir Bakıda görüşür, bu baxımdan, Bakının məkan kimi seçilməsi diqqəti cəlb edir.

"Bakının görüş yeri seçilməsi simvolik xarakter daşıyır”

“Norveçin bu addımı Azərbaycan üçün ciddi siqnal olmalıdır” - SÜLHƏDDİN ƏKBƏR

NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı K.Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimovun Bakını görüş yeri seçməsini şərh edən keçmiş təhlükəsizlik zabiti Sülhəddin Əkbər "Hürriyyət”ə dedi ki, bu, simvolik xarakter daşıyır: "Post-Sovet məkanında NATO ilə Rusiya arasında keçən xətti simvolik olaraq göstərir. Bir növ sərhəd xətti də deyə bilərik. Qarşı duran tərəflərin sərhəd xəttində görüşü kimi də məsələyə baxmaq olar”.

"Gürcüstan NATO-nun təsir sferasında olan ölkədir”

"Bu görüşü hazırda hazırda hakimiyyətdə Rusiyameylli qüvvələr olan Gürcüstanda təşkil etmək olmazdımı” sualına S. Əkbər belə cavab verdi: "Çünki o tərəflərdən "birinin” ərazisi olaradı. Azərbaycan isə hələ ki, "boz zona” hesab olunur. Bura nə birbaşa NATO-nun, nə də Rusiyanın hərbi strateji təsir sferasında olan ölkə sayılmır. Ona görə də bitərəf ölkə, neytral zona kimi gedir. Gürcüstan birbaşa NATO-nun təsir sferasında olan ölkədir. Ermənistan isə hərbi strateji baxımdan Rusiyanın təsir sferasındadır”.

"Gürcüstanda olan qüvvələr Rusiyameylli qüvvələr deyillər”

"Amma hazırda Gürcüstanda Rusiyameylli qüvvələr hakimiyyətdədir” dedikdə S. Əkbər belə dedi: "Mən bunu yanlış fikir hesab edirəm. Gürcüstanda olan qüvvələr Rusiyameylli qüvvələr deyillər. İvanişvilini, eyni zamanda yeni prezident seçilən Zurabişvilini nəzərdə tutursunuzsa, onlar da öz siyasətlərində çox açıq şəkildə Avropa Birliyi və NATO-ya tam inteqrasiya olmağı xarici siyasətin əsas kursu hesab edirlər və bu cür də hərəkət edirlər. Hər il Gürcüstanın NATO-ya hazırlığını xüsusi komissiya qiymətləndirir və bu komissiya Gürcüstanın NATO-ya inteqrasiya istiqamətində apardığı işlərə çox yüksək qiymət verir. Son seçkilərdə prezident seçilən Salome Zurabişviliyə gəldikdə isə bilirsiniz ki, o 30 il Fransa siyasətinə xidmət etmiş bir adamdır. Siz onu necə Rusiya tərəfdarı olan bir siyasətçi hesab edirsiniz?”

"Pul kisəsinə bağlı olanlar əsasən Qərbə bağlı olur”

"Çünki İvanişvilinin pulları ilə prezident seçildi. İvanişvili də Rusiyaya bağlı bir şəxsdir” fikrinə gəlincə, S. Əkbər qeyd etdi: "Mən İvanişvilinin Rusiyaya bağlı olduğunu düşünmürəm. İvanişvili qəqiq desək, öz pul kisəsinə bağlıdır. Pul kisəsinə bağlı olanlar da əsasən Qərbə bağlı olur. Bir şeyi nəzərə alın ki, böyük dövlətlər hansı ölkəni ki, öz təsir sferasına daxil edirlər, orada hakimiyyət də, müxalifət də həmin ölkəyə bağlı olur. Bu gün Gürcüstanda artıq Rusiya yanlısı qüvvə yoxdur. Daha doğrusu, qüvvə var, amma onun Gürcüstan cəmiyyətinə, ictimai-siyasi fikrinə və siyasətinə əhəmiyyətli bir təsiri yoxdur. Bu gün Gürcüstanın hakimiyyəti də, müxalifəti də elə Qərbyönümlü müxalifətdir. Çünki demokratik fikirli müxalifətdir. Eyni siyasəti də Rusiya aparır”.

"Mən elə bir əhəmiyyəti olduğunu düşünmürəm”

S. Əkbər görüş yeri kimi Bakının seçilməsinin ölkəmiz üçün elə bir əhəmiyyəti olduğunu düşünmür: "Burada bir görüş keçirilirsə, nə əhəmiyyəti var ki. Mən elə bir əhəmiyyəti olduğunu düşünmürəm. Bu, sadəcə olaraq ölkənin hələlik nə Rusiyanın, nə Amerikanın, nə də NATO-nun təsir sferasında olmadığını göstərir. Bu baxımdan, əhəmiyyəti var. Yəni indikator olaraq bir əhəmiyyəti var”.

"Bu, adətən böhran zonaları ilə bağlı olur”

"Söhbət qərargah rəislərinin görüşməsindən gedirsə, qərargah rəisləri operativ taktiki işə rəhbərlik edir. Deməli, iki ölkə arasında olan operativ taktiki məsələlər, yəni əməliyyat məsələləri gündəmdə ola bilər. Bu, adətən böhran zonaları ilə bağlı olur. Böhran zonalarındakı mövcud əməliyyat şəraitinin müzakirəsi, tərəflərin qarşı-qarşıya gəlməməsi üçün önləm tədbirləri alması və yaxud alınan önləmlərin effektliliyinin qiymətləndirilməsi, dünyada gərginlik zonalarında risklərin azaldılması, hərbi risklərin minimuma endirilməsi, onun münaqişəyə keçməsinin önlənməsi, son olaraq da Kerc boğazında yaranmış vəziyyəti nəzərə alsaq, böyük ehtimalla burada Qara dəniz, xüsusən Azov dənizində olan vəziyyət və Suriyadakı son durum əsas müzakirə mövzusu olacaq. Ola bilsin ki, İran məsələsinə perspektiv məsələ kimi toxunulsun”,-deyə təhlükəsizlik zabiti qeyd etdi.

"Görüşün Bakıda keçirilməsi Azərbaycana verilən dəyərdir”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə isə Bakının görüş yeri kimi seçilməsi onunla əlaqəlidir ki, Azərbaycan hər iki qütblə eyni məsafədədir:"Bizim Rusiya ilə də əməkdaşlığımız var, Rusiyadan silah alırıq. Amma NATO ilə də sıx əməkdaşlığımız var. NATO-nun proqramlarında iştirak edirik. NATO-nun tərkibindəki sülhməramlı qüvvələrin tərkibində bizim hərbiçilər də var. Bu baxımdan, Azərbaycanın balanslı siyasəti imkan verir ki, hər iki tərəf Azərbaycanı seçsin. Təsəvvür edin, bəziləri deyir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsun. Bu, olsaydı, NATO heç zaman Azərbaycanı məkan kimi seçməzdi. Bu bizim imicimizə mənfi təsir göstərər. Ona görə, düşünürəm bu yaxşı haldır ki, bu görüş Bakıda keçirilir. Əslində, bu, Azərbaycana verilən dəyərdir”.

"Azərbaycan balanslı siyasət yeridir”

E. Şahinoğlu vurğuladı ki, görüşün Gürcüstanda olması mümkün deyil: "Çünki Azərbaycan balanslı siyasət yeridir. Gürcüstan isə birbaşa NATO inteqrasiya olmaq, NATO-nun üzvü olmaq istəyir. Rusiya ilə də münasibətləri soyuqdur. Bu halda NATO istəsəydi belə, Rusiya Gürcüstanın görüş yeri kimi seçilməsinə razılıq verməzdi”.

"Bu görüş nə Tibilisidə, nə də Yeranda ola bilərdi”

"Ancaq Gürcüstanda hakimiyyət Rusiyameylli qüvvələrdir” dedikdə isə politoloq belə cavab verdi: "Onu sözdə deyirlər ki, Gürcüstanda hakmiyyətdə olan qüvvələr Rusiyameylli qüvvələrdir. Hakimiyyət Rusiyameylli olub, Rusiya ilə yaxınlıqda nə edib ki? Yenə də Gürcüstan NATO və Avropa Birliyinin üzvü olmaq istəyir. Zurabişvili prezident seçiləndən sonra o açıq deyib ki, Rusiya ilə münasibətlərimiz düzələn deyil. Bu, mümkün deyil. Bir ölkə ki, gəlib sənin torpaqlarını işğal edib, separatçıları tanıyıb, orada hərbi baza yerləşdirib, necə onunla münasibətlər normal ola bilər?! Bizdə yazırlar ki, İvanişvili Rusiyanın adamıdır. Hə, Rusiyada varlanıb, oliqarx olub. İvanişvili Saakaşvilinin xarici siaysət kursunu dəyişə bildi? Amerika Gürcüstanla hərbi əməkdaşlığını genişləndirdi. İndi Vazianidə baza yaratmaq istəyir. Bəyəm, İvanişvili Amerika ilə strateji tərəfdaşlıqdan vazmı keçib? Söhbət Azərbaycanla yaxınlıqdan getmir. Sadə səbəbə görə bu görüş nə Tibilisidə, nə də Yeranda ola bilərdi. Ermənistan Rusiyanın vassalıdır, NATO buna razılaşmayacaqdı. Gürcüstan isə NATO-nun üzvü olmaq istəyir. Buna da NATO razılaşmayacaqdı Azərbaycanın isə həm Rusiya, həm NATO ilə normal münasibətləri var. Ona görə, Bakı seçilib”.

"Bu görüşdə yəqin ki, əsas Suriya məsələsi müzakirə olunacaq. Çünki keçən ilki görüşdə də Suriya məsələsi müzakirə olunmuşdu və yaxud NATO-nu Rusiya sərhədlərinə yaxınlaşması, raketlərin Şərqi Avropada yerlşdirilməsi müzakirə oluncaq”,-deyə politoloq əlavə etdi.



Oxşar Xəbərlər

Xəbər lenti