Azərbaycanla Ermənistan arasında baş verən son hadisələr... - LONDONDAN BAXANDA NECƏ GÖRÜNÜR?

Azərbaycanla Ermənistan arasında baş verən son hadisələr... - LONDONDAN BAXANDA NECƏ GÖRÜNÜR?

 


 

"Eskalasiyanın azaldılması tədbirləri və yeni simalar Ermənistan və Azərbaycan arasında ölgün sülh prosesini yenidən silkələməyə başlayıb. Lakin niyyətlərinin həyata keçməsi üçün, tərəflər siyasi strategiyalarına bir daha baxmalı olacaqlar”.

 

Bu barədə Londondakı nüfuzlu "Chatham House” siyasi təhlil mərkəzinin Rusiya və Avrasiya proqramının araşdırmaçısı, 2015-ci ildən nəşr olunan "Caucasus Survey"məcmuəsinin həmredaktoru Laurens Broers yazır.

Müəllif qeyd edir ki, Ermənistan-Azərbaycan sülh prosesində baş verən son hadisələr - iki ölkənin xarici işlər nazirlərinin son 9 ayda dörd dəfə görüşməsi, iki ölkənin silahlı qüvvələrinin arasında kommunikasiya üçün "əməliyyat kanalının” açılması, təmas xətti boyunca gərginliyin azalması və nəhayət hər iki tərəfin əhalilərin sülhə hazırlanmasının zəruri olduğunu qəbul etməsi ciddi irəliləyişdən xəbər verə bilər.

Lakin analitikin fikrincə, burada skeptisizm üçün də xeyli zəmin var. O xatırladır ki, son on ildə prezidentlər Serj Sərkisyan və İlham Əliyev Rusiyanın vasitəçiliyi ilə iki dəfə görüşüblər. 2008-ci ilin noyabrında etimadyaratma tədbirləri barədə Moskva Bəyannaməsi imzalanıb. 2016-cı ilin mayında Əliyev və Sarkisian bir daha görüşərək atəşkəsin bərqərar edilməsinə dair razılığa gəliblər. Lakin bu öhdəliklərdən heç biri yerinə yetirilməyib.

Məqalədə deyilir ki, bundan əlavə, tərəflər arasındakı fundamental struktur və millətçi uyğunsuzluqlar aradan qaldırılmayıb.

Broers yazır ki, 2016-cı ilin aprelində baş vermiş "dördgünlük müharibə” Azərbaycanın yeni hərbi qüdrətinin artmasını və 2007-ci ildən bəri müdafiəyə böyük pullar xərcləməsinin hədər getmədiyini sübut edib. Lakin tərəflərin hər ikisi bundan artığını istəmədiklərini nümayiş etdiriblər. Erməni qüvvələri uzunmüddətli arxayınçılıqdan sonra diksinərək ayılıb, Azərbaycan isə aprelin 2-də ələ keçirdiyi mövqelərin bir çoxunu əldən verib.

Müəllifin fikrincə bunun ardınca 2017-ci ildə baş verən toqquşmalar artıq strateji gözlənilməzlik elementinin buxarlanıb itdiyini nümayiş etdirirdi.Broers yazır ki, 2017-ci ilin mayında Azərbaycanda baş vermiş "casus qalmaqalı” isə Azərbaycan ordusunda təsisat islahatlarının məhdudluğunu və müharibəyə hazırlığın dərəcəsini nümayiş etdirib.

Ermənistanda isə 2018-ci ilin "Məxməri inqilabı” qalib gəlib, təhlükəsizlik və demokratiya barədə düşüncələrdə dəyişiklilər yaranmağa başlayıb. Dekabr seçkilərində tam legitimlik qazanmış yeni rəhbərlik ambisiyalı islahatlara başladığını elan edib. Broers sual edir: Lakin Azərbaycanla uzun sürən assimmetrik düşmənçilik şəraitində bu islahatları həyata keçirmək mümkün olacaqmı?

Broers yazır ki, xüsusilə də indi Azərbaycanla gərginliyin artırılması ilk növbədə Paşinyanın gündəliyi üçün təhlükə, onun opponentləri üçünsə fürsət yarada bilər.

Məqalədə deyilir ki, Azərbaycanın özündə, xüsusilə də Qarabağ müharibəsi ilə bağlı fiqurlar sahəsində də dəyişikliklər yaşanmağa başlayıb.Xarici İşlər Nazirliyində Ermənistanın qatı tənqidçisi kimi tanınan Hikmət Hacıyev prezident administrasiyasına keçirilib. Tənzimləmə prosesində ən az səsi eşidilən Qarabağın Azərbaycan icmasına yeni lider - Tural Gəncəliyev gətirilib.

Broersin fikrincə hazırkı situasiyada münaqişənin həllinə doğru nəinki həlledici, o ki qalmışdı "sıçrayışlı” hərəkətlərin ola biləcəyini güman etmək üçün heç bir əsas yoxdur. Bunun əvəzində, Ermənistan və Azərbaycanın, strateji rəqabət ekspertlərinin təbirincə deyilərsə, "təməl düşmənçilik səviyyəsinə” yenidən baxmaq imkanı var. Bu isə, atəşkəs pozulmalarının və təmas xətti boyunca gərginliyin dayanıqlı azaldılması və qeyri-təhlükəsizliyə aid məsələlərdə siyasi debatlar üçün daha geniş meydan açılması ilə nəticələnə bilər.

Buna görə də ATƏT-in 16 yanvarda mətbuat üçün verilmiş açıqlamasında "regionun iqtisadi potensialından istifadə üçün” qarşılıqlı faydalı təşəbbüslərin zəruriliyindən söz açılır. Söhbət ilk növbədə Bakı-Tbilisi-Qars dəmir yolu kimi infrastruktur layihələri vasitəsilə etimad yaratmaqdan gedir.

Məqalədə deyilir ki, indi Ermənistanla Azərbaycan arasında daha çox üz-üzə təmaslara kəskin ehtiyac var. Son illərdə məhz bu, olmayıb./virtualaz.org/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}