8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Son günlər havaların soyumasını paytaxt sakinləri evdən çölə çıxmadan, mənzilə gələn təbii qazın təzyiqindən hiss edirlər. Hər il olduğu kimi bu il də payız qədəmini qoyandan insanlar ya mənzillərinə verilən təbii qazın təzyiqindən, ya da qazın verilməməsindən şikayət edir. Hər dəfə məsələ gündəmə gələndə cavabdeh qurum olan "Azəriqaz" bunu ərazidə aparılan təmir işləri ilə əlaqələndirir. Artıq insanlarda belə fikir formalaşıb ki, təbii qazın verilişində məhdudiyyətlərin edilməsi, təmir işlərinin aparılması bilərəkdən havaların soyuduğu günlərdə planlaşdırılır.
Saytımıza müraciət edən paytaxtın Nərimanov rayonu Aşıq Molla Cümə 17b və Nəsimi rayonu Şamil Əzizbəyi 88b binalarının sakinləri də havaların soyuması ilə yaşadıqları binalara verilən qazın təzyiqinin düşməsindən, ya da tamamilə kəsilməsindən şikayətlənirlər.
Onlar hər il payız-qış aylarında bu problemdən əziyyət çəkdiklərini deyirlər. "Verilən qazla nə ev isinir, nə də yemək bişirmək olur. İki gündür evə verilən qazın təzyiqi o qədər aşağıdır ki, yandırmaq istəyirik, qaz öz-özünə sönür. Hər il eyni problemi yaşamaqdan bezmişik. "Qaynar xətt"ə zəng etsək də daim məşğul olur. Dərdimizi kimə deyəcəyimizi bilmirik”.
Bu problem soyuq günlərdə evində yaşlısı, uşağı olanların vəziyyətini daha da çətinləşdirir.
İnsanların qaz, su, işıq təminatının yaxşılaşdırılması üçün hər il dövlət ciddi məbləğlərdə vəsait ayırır. Bu istiqamətdə hazırlanan dövlət proqramlarının məqsədi vətəndaşları rahatlığını təmin etməkdir. Lakin vətəndaş bu qərar və proqramların müsbət nəticəsini yox, ancaq evində soyuq havanı hiss edir.
Qurumun "185” və 104 "Çağrı Mərkəzi” ilə biz də əlaqə yaratmağa çalışdıq. Yenə də xətlər daim məşğuldur. Bizə ünvanlanan şikayətlər barədə "Azəriqaz”İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalayevə məlumat verdik. Qurum sözçüsü Publika.az-a açıqlamasında bildiridi ki, həmin rayonlarda qaz xətlərində təmir işləri aparılmır: " Lakin problemin nədən qaynaqlanması araşdırılmalıdır. Problem yaşayan vətəndaşlar "Qaynar xətt"ə müraciət etsinlər. Onların müraciətləri əsasında əməkdaşlarımız birbaşa ünvana gedib məsələ ilə maraqlanacaqlar. Vətəndaşlar tərəfindən sizə konkret ünvanlardan daxil olan müraciətlər barədə əməkdaşlarımıza məlumat verəcəm. Məsələni araşdırıb səbəbi müəyyən edəcəklər”.
Ümid edək ki, məsələ araşdırılandan sonra tədbir görüləcək.
Gülxar