31 Mart –Azərbaycanlıların soyqırımı günü

ğ

 

Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı müsibətlərlə dolu səhifələr də yazılmışdır. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində xəyali “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bunlardan ən dəhşətlisi də 1918-ci ilin mart-aprel aylarında törədilmişdir.

1918-ci ilin martında Azərbaycanda baş verən qanlı hadisələr XX yüzillikdə dünya tarixinin ən faciəvi, unudulmaz səhifələrindədir. 

Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi, milli azadlıq və qurtuluş hərəkatı S.Şaumyan başda olmaqla bolşevik-daşnak qrupunu dərindən narahat edirdi. Onlar Bakını işğal edərək Bakı neftinə sahib olmaq, əsas rəqibləri olan Müsavatın sosial bazasını məhv etmək, türk-müsəlman əhalini qıraraq Bakını rus-erməni şəhərinə çevirmək, milli qüvvələrə divan tutaraq xalqın azadlıq mübarizəsini başsız qoymaq üçün soyqırıma hazırlaşırlar. Bolşevik-daşnak dəstəsi “əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq mənfur planlarını həyata keçirməyə başlayırlar. Həmçinin, Birinci Dünya müharibəsindən geri qayıdan erməni əsgər və zabitləri Bakıda cəmləşdirilir. Yaradılan “Qırmızı Ordu”nun tərkibi demək olar ki, tamamilə ermənilərdən təşkil edilir.

Martın 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstələrinin ilk atəşi açması ilə başlayan soyqırım siyasəti aprelin 2-dək Bakı şəhərində, sentyabrın 15-dək Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdən minlərlə soydaşlarımızın vəhşicəsinə qətlə yetirilməsi, tarixi abidələrimizin, məscidlərimizin viran edilməsi ilə nəticələnmişdir. İnsanlıq adına ləkə sayılan və yaxşı silahlanmış mənfur erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müxtəlif yerlərində əvvəlcədən pulemyotlar qoyulmuşdu. Qırğınlar nəticəsində Bakı şəhərində 12 mindən çox, ümumilikdə Bakı quberniyasında 50 mindən çox türk-müsəlman əhali qətlə yetirildi. Açıq söz və Kaspi qəzetlərinin redaksiyaları, “İsmailiyyə” binası yandırıldı, Təzəpir məscidi, Şah məscidi dağıdıldı.

1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycalıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlılarn soyqırımı günü” elan edilmişdir. Erməni bolşevik dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 yanvar, 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalamışdır.

Bəli, 1918-ci ilin martında zaman keçdikcə azadlıq eşqi alovlanan azərbaycanlıların bir qismi üçün zaman keçmədi...Durdu zaman...Uşaqlar böyümədi, cavanlar qocalmadı. Amma, ömürləri yarım qalan həmin o soyqırım qurbanları qanları bahasına da olsa müstəqillik qayəsinə çatdı. Və beləcə mart soyqırımı şərqdə ilk demokratik cümhuriyyətin təməli oldu. 

 

Suraxanı rayonu Albert Aqarunov adına 154 nömrəli tam

orta məktəbin tarix müəllimi Mələk Məmmədova



Oxşar Xəbərlər

Xəbər lenti