Biabırçı əməlləri törədənlərin “üçüncü qüvvə” axtarışı... - NƏ BAŞ VERİR?

Fövqəladə Hallar Nazirliyində yayılan məlum video qarşılaşdığımız ilk hadisə deyil. Cəmiyyəti şoka salan, həm də gündəmi zəbt edən belə hadisələrlə yaxın dövrdə də rastlaşmışıq. Misal üçün, keçmiş deputat Hüseynbala Mirələmovun gündəm olan “əl hərəkəti”, yaxud məmurun əcnəbi qızların "videotoruna" düşməsi və ya iş yerində qeyri-etik davranışları ilə yadda qalanlar...

Mühafizəkar, ailə dəyərlərinin əsas rol oynadığı Azərbaycan cəmiyyəti belə hadisələri təbii refleksə əsasən etirazla qarşılayır, həm də geniş müzakirəyə çıxarır. Əslində ultraliberalizmin hakim olduğu, “şəxsi həyat” prinsipinə söykənən Qərb cəmiyyətində də belə hadisələr ağrısız qarşılanmır. Çünki məsələ kiminsə şəxsi həyatı yox, bu həyatı harda yaşamasıdır.

Avropa ölkələrində müəllimlərin və ya siyasətçilərin qalmaqala çevrilən əməlləri az olmayıb. Amma müzakirə edilən məsələ qalmaqala çevrilən əməlin harada edilməsidir. Əgər müəllim, siyasətçi və ya hansısa məmur iş yerində, ictimai əhəmiyyət kəsb edən məkanlarda bu kimi əməllərə yol verirsə, ciddi ictimai qınaqla qarşılanır, adətən prosesin sonu ya istefa, ya da işdən uzaqlaşdırma ilə nəticələnir.

Dediyimiz kimi, mühafizəkar, ailə dəyərlərinin əsas rol oynadığı bizim cəmiyyətdə belə əməllər ikiqat qınağa səbəb olur, həm əmələ, həm də bu əməlin harada törədilməsinə görə.

İndiyə qədər rastlaşdığımız və qalmaqala çevrilən belə hadisələr də əsasən iş yerlərində və ya ictimai əhəmiyyət kəsb edən məkanlarda baş verib. Təbii olaraq da ciddi müzakirəyə, ictimai qınağa səbəb olub. Son yayılan görüntülərdə əsas məsələ də bunun iş yerində, ölkənin əhəmiyyətli strukturunda yaşanmasıdır.

Amma və lakin...

İndiyə qədər baş verən hadisələrdə diqqəti əsas məsələdən yayındırmaq üçün ortaya atılan fikirlər bu dəfə də gündəmə gətirildi.

Baş verənlər kiminsə şəxsi həyatıdır.

Burada “üçüncü qüvvələr”in rolu var.

Məqsəd kiməsə qarşı kompramant addımın atılmasıdır və s.

İstənilən şəxsin həyatı ona aiddir və bu həyatda istədiyini edə bilər, lakin bunu iş yerində, yaxud ictimai əhəmiyyət daşıyan yerlərdə edirsə, artıq məsələ şəxsi həyatdan çıxaraq, ictimai məsələyə çevrilir.

Yaxud uydurulmuş hansısa “üçüncü qüvvələr” kimisə iş yerində əxlaq qaydalarından uzaq əmələ əl atmağa vadar edə bilməz. Bundan öncə baş vermiş belə hadisələrin birində hadisə iştirakçının “bu, düşmənlərimin işidir” tezisinə qarşı sosial şəbəkələrdə verilən “zəncirbəndini də düşmənlərin açıb?!” cavabı bəlkə də bu absurd yanaşmanı izah edə biləcək yeganə ifadədir.

Axı sizin əlinizi, qolunuzu, yaxud intim hislərinizi də “üçüncü qüvvələr” idarə edir?!

Məqsəd diqqəti törətdikləri əməldən yayındırmaq, hansısa uydurulmuş “üçüncü qüvvələri” prosesə qoşmaq və bununla məsuliyyətdən qaçmaqdır. Çünki bir iş yerində, xüsusilə bu iş yeri dövlət əhəmiyyətli strukturdursa, baş verən bu kimi hadisələr təkcə ictimai qınaqla yox, həm də yüksək dairələrin töhməti, cəzası ilə nəticələnir. Məhz bundan qaçmaq məqsədilə daim “üçüncü qüvvələr” ssenarisi işə salınır, sosial şəbəkələrdə bəlli qrupları vasitəsilə müzakirə predmentinə çevrilir, ictimai rəyi, daha dəqiq desək, qınağı öz üzərlərindən başqa istiqamətə yönləndirməyə cəhd edirlər. Beləliklə, məsələnin mahiyyəti kənarda qalır, olmayan “üçüncü qüvvələr”in axtarışı başlanır.

Sual olunur, məlum videodakı iki qapını arxadan bağlayan, o uniformalıları bir-birinə yaxınlaşdıran və nəticədə ortaya çıxan mənzərəni “üçüncü qüvvələr” edib?!

Cavab təbii ki, bəllidir. Məsuliyyətdən, qınaqdan yayınmaq üçün ortaya atdığınız “üçüncü qüvvələr” heç kimin hislərinə, yaxud əməllərinə yön vermir.

“Üçüncü qüvvə” iddiasının baibırçılıqdan və bunun yaratdığı məsuliyyətdən qaçmaq məqsədi ilə uydurulmuş “obraz” olduğunu görənlər, bilənlər az deyil. Kim(lər)insə sərxoşluğu, idarə edə bilmədiyi kollektivində baş verən biabırçılıqlara görə məsuliyyət daşıyacaq “üçüncü qüvvə” varsa, o, elə həmin kollektivin rəhbərliyidir.

Zaur Hacılı
Demokrat.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}