Azərbaycan-Gürcüstan əməkdaşlığı və Cənubi Qafqazdadavamlı sülhün təminatı

Son bir əsrdə Cənubi Qafqaz regionu özünün tarixində bir sıra mühüm mərhələlərdən keçmişdir. Bunlardan biri 1918-ci ildə bölgədə müstəqil respublikaların yaranması, digəri 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən müstəqilliyinə qovuşmasıidi. 
2020-ci ildə baş vermiş 44 günlük savaşdan sonra isə bölgəmiz daha bir mühüm və həlledici tarixi mərhələyə qədəm qoyub. Bu, regionun müstəmləkə keçmişindən miras qalan münaqişələrin tarixə qovuşması və zəngin etno-mədəni müxtəlifliyə malik Cənubi Qafqazın sülh, əməkdaşlıq və inkişaf məkanına çevrilməsi fürsətidir.
İstər geostrateji əhəmiyyəti, istərsə də təbii resursları ilə tarix boyu böyük gücləri özünə cəlb edən regionumuz bu gün də xarici müdaxilələrə məruz qalır, müəyyən güclər özlərinin bölgədəki maraqlarını təmin etmək məqsədi ilə süni və idarə olunan münaqişələr yaratmağa cəhd edir. Bir neçə belə konfliktin olduğu postsovet məkanında Azərbaycan ilk və hələlik yeganə dövlətdir ki, öz ərazisindəki münaqişəni – tarixi ədalətsizliyi aradan qaldıra bildi.
Ümummilli lider və uzaqgörən dövlət xadimi Heydər Əliyevin yolunu davam etdirən Prezident İlham Əliyevin müdrik və qətiyyətli addımları sayəsində “Qarabağ düyünü”nü birdəfəlik çözməsi, Azərbaycanı məğlub dövlətdən qalib dövlətə çevirməsi dünyada münaqişələrdən, işğaldan əziyyət çəkən bir çox xalqlarda, dövlətlərdə öz gələcəkləri ilə bağlı ümidlər yaradıb.
Belə dövlətlərdən biri olan Gürcüstan Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinin region və özü üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı anlayır. Prezident İlham Əliyevin oktyabrın 8-də Gürcüstana səfəri, ilk növbədə, iki dövlət və xalq arasında uzun əsrlər tarixi olan dostluq və əməkdaşlıq münasibətlərinin bu gün üçün aktuallığını bir daha ortaya qoydu. 
Məlum olduğu kimi, Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində əsrlərdir yaşayırlar.
Strateji tərəfdaş olan Azərbaycan ilə Gürcüstan Avropa və Asiyanın bir çox ölkələri üçün əhəmiyyət kəsb edən beynəlxalq nefq, qaz və nəqliyyat layihələrinin əsas iştirakçılarıdır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birlikdə mətbuata bəyanatla çıxışı zamanı dövlət başçımızın da vurğuladığı kimi, bu əlaqələr həm ölkələrimiz, həm də Cənubi Qafqaz üçün çox vacibdir. Hər iki ölkə rəhbərinin çıxışlarında da qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstan xalqları arasında ənənəvi dotluq münasibətlərinin qorunub saxlanması və inkişaf etdirilməsində hər iki ölkənin ən çətin vaxtlarında öz dövlətlərinə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyevin və Eduard Şevarnadzenin böyük xidmətləri var.
“Biz - onların davamçıları, bu gün onların yolu ilə gedirik” deyən Prezident İlham Əliyev iki ölkənin hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Təbii ki, müzakirə olunan məsələlər arasında dövlət başçımızın da qeyd etdiyi kimi, təhlükəsizlik amili və Ermənistan-Azərbaycan münasibətlərində normallaşma xüsusi yer tutur: “Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq.”
Azərbaycanın Qarabağ zəfərindən sonra Ermənistanla sülh müqaviləsinin imzalanması, münasibətlərin qarşıdurmadan normal qonşuluq və əməkdaşlıq müstəvisinə keçirilməsinə öz dəstəyini verən ölkələrdən biri də Gürcüstandır. Rəsmi Tbilisi bu məsələdə vasitəçilik funksiyasını üzərinə götürə biləcəyini dəfələrlə bəyan edib. Görünən odur ki, Gürcüstan özünün bu tarixi proseslərdə oynaya biləcəyi rolun əhəmiyyətini anlayır.
Prezident İlham Əliyev də sözügedən çıxışında bu məqamı xüsusi vurğulayıb: “Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər.”
Göründüyü kimi, sülh danışıqları üçün ilk gündən rəsmi Bakı iradəsini ortaya qoyub, kifayət qədər vasitəçilik imkanları da var. Sadəcə olaraq, Ermənistan davamlı olaraq ikili, qərəzli və ilk növbədə elə özünün əleyhinə yönələn destruktiv mövqe nümayiş etdirərək, danışıqlardan yayınmağa, yaxud əldə olunmuş razılaşmalara əməl etməməyə çalışıb. Bunun bariz nümunəsi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtinə zidd olaraq Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən tam çıxarmaması idi ki, bunun da nəticəsində cari ilin sentyabrında ölkəmiz növbəti dəfə “dəmir yumruğu” işə salmalı oldu. 19-20 sentyabrda cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsində Qarabağdakı qondarma rejim tamamilə ləğv olundu, onun bir çox rəhbər şəxsləri isə Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən yaxalanaraq, törətdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Qarabağın dinc erməni sakinlərini isə Azərbaycan könüllü reinteqrasiya prosesinə cəlb etməyə başlayıb.
Bu isə o deməkdir ki, artıq rəsmi İrəvanın əlində sülh danışıqlarında istifadə edə biləcəyi “Qarabağ kartı” yoxdur. 44 günlük müharibə və 24 saatlıq antiterror tədbiri göstərdi ki, Ermənistanın siyasi müstəvidə havadarları çox olsa da döyüş meydanında Azərbaycanla təkbətəkdir. Beləliklə, Ermənistanın Azərbaycanla sülhə razılaşmaqdan başqa yolu qalmayıb. Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olması artıq tarixi zərurətə çevrilib və danılmaz faktdır ki, bu şəraiti yaradan, tarixi imkanı formalaşdıran lider məhz Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevdir.
Hülya Məmmədli
Politoloq

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}