Bələdiyyə mülkiyyətində olan torpaqlarının satışı və icarəyə götürülməsi ilə bağlı məsələlərin tənzimlənməsi -Aysu Nəbizadə yazır

Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və satışı ilə bağlı məsələlər Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun, Torpaq icarəsi haqqında Qanun, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na və  torpaq münasibətlərini tənzimləyən digər qanunvericilik aktlarına  uyğun olaraq həyata keçirilir.

Bələdiyyə torpaqların icarəsi ilə bağlı ümumi məsələlərin tənzimlənməsi:

Ümumiyyətlə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarıvə tərəflər arasında bağlanmış müqaviləəsasında həyata keçirilir.

Bələdiyyə torpaqlarının həm istifadəyə, həm də icarəyə verilməsi mümkündür. Burada istifadə və icarə arasında fərq ondan ibarətdir ki, bələdiyyə torpaqlarının istifadəyə verilməsinə görə yalnız torpaq vergisi alınır, icarəsinə görə isə tərəflər arasında bağlanılan müqavilədə əks olunan icarə haqqı alınır. Torpaq Məcəlləsinin 50-ci maddəsinin 4-1-ci hissəsinə əsasən bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər. Bu da onu göstərir ki, fiziki və hüquqi şəxslərə bu torpaqlar icarə hüququ əsasında verilir.
Bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. (Torpaq Məcəlləsi 51-ci maddə, 6-cı hissə) Başqa sözlə, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birlik və təşkilatlar, habelə, xarici dövlətlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaq icarəçisi ola bilərlər. 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (Torpaq icarəsi haqqında Qanunun 10-cu maddəsi) Bələdiyyə mülkiyyətində olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini bələdiyyələr sərbəst həyata keçirir və Əmlak Məsələləri Dövlət Xidməti təşkil edir.
Bələdiyyə torpaqlarının icarəyə verilməsi icarə müqaviləsi ilə rəsmiləşdirilir.
Deməli, ilk olaraq bu barədə bələdiyyə qərarı, sonra qanunvericiliyə uyğun olaraq hərrac və ya müsabiqənin keçirilməsi, daha sonra icarə müqaviləsinin bağlanması mərhələləri bir-birini izləyir.
Hərraca (müsabiqəyə) çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. (Torpaq Məcəlləsinin 99-cu maddəsinin 4-cü hissəsi və Torpaq icarəsi haqqında Qanunun 14-cü maddəsi)
Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün icarəyə verilməsinə yol verilmir.
 İcarədə olan bələdiyyə torpaqları qanunla müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün alına bilər.
Ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün sahələr hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qısa müddətə verilir.
İcarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər.
Bələdiyyə torpaqları satışı ilə bağlı məsələlərin tənzimlənməsi:
Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə  fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılmasıhabelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Deməli Qanunun müəyyən etdiyi istisna hallardan başqa digər hallarda satış torpaq hərracları və ya müsabiqələri ilə keçiriləcək.“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.
Müsabiqə və hərracla bağlı məsələlərin tənzimlənməsi:
Müsabiqə və hərracların təşkilatçısı – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün  torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. 
Bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl mediada dərc edilməlidir. Hüquqi və fiziki şəxslər müsabiqə və hərracda iştirak etmək üçün təşkilatçıya ərizə verirlər və ərizədə öz rekvizitlərini göstərirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 

– möhürlü zərfdə təklif (müsabiqə keçirilən hallarda);

– ərizə verilən zaman ərizəçinin adından çıxış etməyə vəkil edilmiş şəxsin adına etibarnamə.
 Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə;

müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;

müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına.

Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir.
Bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir.
Hərrac və ya müsabiqənin sonunda torpaq sahəsinin icarəsi yaxud mülkiyyətə keçməsinə görə əldə edilən şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə ilə mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərrac və müsabiqələr barədə elanla isə  https://www.auksion.gov.az/ saytı vasitəsilə tanış olmaq mümkündür.

Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir.

Aysu Nəbizadə

Hüquqşünas



Oxşar Xəbərlər

Xəbər lenti