8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın səhiyyə sisteminin ağır durumda olması və bu sahədə korrupsiyanın hökm sürdüyü uzun illərdir ki, əsas müzakirə predmetlərindəndir. Amma bu problemlər zaman-zaman müzakirəyə çıxarılsa, neqativ hallar tənqid olunsa da, müsbətə doğru heç bir irəliləyiş hiss olunmur.
İstər paytaxt və iri şəhərlərdə, istərsə də bölgələrdə səhiyyə sistemində baş verənlər sözügedən nazirliyinin qeyri-şəffaf və korrupsiyalaşmış bir qurum olduğunu açıq ortaya qoyur.
Arqument.Az-ın apardığı araşdırmalar zamanı nazirliyin fəaliyyəti ilə bağlı daha bir korrupsiya faktı üzə çıxıb. Belə ki, Masallı rayon Mərkəzi Xəstəxanasının (MRX) "əsaslı təmir"ə dayandığı və dövlət büdcəsindən ayrılmış pulların düzgün xərclənməməsi durumun gerçək mənzərəsini əks etdirir.
Araşdırmalarımız zamanı məlum olub ki, 1985-ci ildən fəaliyyət göstərən Masallı MRX 2013-cü ilin noyabr ayından təmirə dayanıb. Tikintinin iki il müddətində başa çatması sənədləşdirilib. Yəni 2013-cü ilin noyabr ayında başlanılan əsaslı təmir 2015-ci ilin əvvələrində başa çatmalı və xəstəxana yenidən istifadəyə verilməli idi. Amma artıq 2016-ci ildir və xəstəxanada təmir hələ də başa çatmayıb, demək olar ki, iş getmir...
Xəstəxanaya baş çəkən əməkdaşımız bildirir ki, bu iki il ərzində yalnız xəstəxananın dam örütüyü və pəncərələri dəyidirilib, divarlara isə sadəcə "qara suvaq" çəkilib. Xəstəxananın personalı isə bu müddət ərzində pərən-pərən salınaraq, heç bir tibbi, sanitar-gigyenik şəraiti olmayan 5 müəssisəyə yerləşdirilib.
Yenə də "Turqay" MMC...
Rəsmi açıqlamada bildirilir ki, Masallı MRX-da təmir işləri Səhiyyə Nazirliyinin nəzarəti altında aparılır. Tikintini layihəndirən şikət 2003-cü ildə yaradılmış "Pro Technical Consulting" MMC-dir. Bu şirkətin əsas vəzifəsi kimi isə "Layihələndirmə, texniki məsləhət, hər növ layihə sənədlərinin hazırlanması, layihənin iqtisadi əsaslandırılması, layihənin icrasının qiymətləndirilməsi, dizayn və layihə ilə bağlı digər mühəndislik xidmətləri" fəaliyyətlər göstərilir.
Şirkərin rəsmi saytında isə bildirilir ki, 2003-cü ildə yaradılmış "Pro Technical Consulting" MMC mühəndislik, layihələndirmə və texniki məsləhətçi xidmətləri göstərən şirkətdir. "Pro Technical Consulting" MMC regionda əsas aparıcı layihəçi şirkətlərdən biridir və Bakıda, Azərbaycanın müxtəlif regionlarında, həmçinin xarici ölkələrdə: Səudiyyə Ərəbistanı, BƏƏ - Dubayda fəaliyyət göstərir.
Tikintini aparan şirkət isə Səhiyyə Nazirliyində əsas təmir və tikinti işləri ilə məşğul olan məşhur "Turqay" MMC şirkətidir. Demək olar ki, nazirliyin bütün tenderlərinin əsas hissəsini də adı müxtəlif qalmaqallarda hallanan bu şirkət udub.
Apardığımız araşdırmada "Turqay" MMC-nin bir neçə il ərzində səhiyyə nazirliyində milyonlarla manat tenderlərin qalibi olması faktı ilə rastlaşdıq. Məsələn, 2013-cü ildə 15,9 milyon manat (5 milyon manat Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 31 saylı Poliklinikanın təmiri, 10 milyon 960 min manat Cəlilabad Rayon Xəstəxanasının tikintisi və təchizatı üzrə), 2014-cü ildə 5,5 milyon manat ( 5,1 milyon manat Qobustan Mərkəzi Rayon Xəstəxanasının təmiri işləri, 294 min manat Respublika Talassemya Mərkəzinin təmiri, 60 min manatı Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzin təmir işləri), 2015-ci ildə 11, 9 milyon manat ( 11 milyon 120 manat Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi, 775 min manat Mingəçevir Şəhər xəstəxanasının ərazisində Uşaq Reabilitasiya Mərkəzinin tikintisi) tenderlərin qalibi olub.
Ümumilikdə isə "Turqay" MMC səhiyyə sitemində 100 milyonlarla manatlıq tenderlərin qalibi olub. Ölkədə heç kəsin tikinti sahəsində tanımadığı bir şirkətin milyonlarla manatlıq tenderləin qalibi olmasında isə qaranlıq məqamlar var.
Mediada yayılan məlumatlarda isə "Turqay" MMC şirkətini səhiyyə naziri Oktay Şirəliyevin yaxın qohumlarından birinin himayə etdiyi iddia olunur. İddia edilir ki, şirkət rəhbərliyi məhz bu havadarın sayəsində milyonluq tenderlərin qalibi olur.
Mətbuatda həmçinin "Turqay" MMC-nin 2006-cı ildə təsis edildiyi və MMC-nin rəhbərinin Abbasov Tamerlan Yahya oğlu olması ilə bağlı dəfələrlə məlumatlar dərc olunub.
Həmin məlumatlardan ən ilginci isə "Turgay” MMC-ni təsisçisi və rəhbəri Abbasov Tamerlan Yahya oğlunun külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığına görə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətində azadlıqdan məhrum edilməsidir. Belə bir şirkətin böyük bir dövlət qurumunun elan etdiyi tenderləri udması da ciddi şübhələr doğurur.
Yoxa çıxan milyonlar...
Həkimlər isə əməkdaşımıza bildiriblər ki, Masallı MRX-nın əsaslı təmiri üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 12 milyon manat vəsait ayılıb. Bu vəsaitin hara xərclənməsi isə bəlli deyil: "Əgər vəsait düzgün xərclənsəydi, xəstəxana bir il öncə istfadəyə verilərdi. İki ildir ki, dağınıq şəkildə fəaliyyət göstəririk".
Qeyd edək ki, rəsmi sənədələrə görə, Masallı rayon mərkəzi xəstəxanası 240 çarpayılıqdır. Rayon mərkəzi xəstəxanasında Cərrahiyyə şöbəsi 50 çarpayılıq, Terapiya şöbəsi 60 çarpayılıq, Doğum şöbəsi 40 çarpayılıq, Mama ginekoloji şöbə 20 çarpayılıq, Uşaq şöbəsi 30 çarpayılıq, Yolxucu şöbə 20 çarpayılıq, Reanimasiya şöbəsi 10 çarpayılıqdır. Bundan əlavə, 35 çarpayılıq ACXX -sı ,Kalinovka kəndində 15 çarpayılıq, Boradigah qəsəbəsində 15 çarpayılıq, kənd sahə xəstəxanaları fəaliyyət göstərir. Hər kənd sahə xəstəxanasında 5-i terapevtik, 5 pediatrik, 5 çarpayı isə doğuşa yardım xidməti üçün nəzərdə tutulub.
Rəsmi səndələrdə həmçinin qeyd olunur ki, Masallı rayon mərkəzi Xəstəxanasında 248 nəfər həkim çalışır. Onun 169 nəfəri kişi, 79 nəfəri qadındır. 497 nəfər orta tibb işçisinin 363 nəfəri qadın,134 nəfəri kişidir. Onlardan 10-nəfər laborant, 45 nəfəri mama, 32 nəfər fedşer, 2 nəfər diş texnik,6 nəfər rentgen laborant, 399 nəfəri isə tibb bacısıdır. 306 nəfər kiçik tibb işçisi çalışır.
Baş həkimin "xəbəri yoxdur", nazirlik isə "təmir çoxdur..." - deyir...
Masallı rayon MRX-nın baş həkimi Cəlil Nəzərov bildirdi ki, təmiri nazirlik həyata keçirir və bu barədə heç bir məlumatı yoxdur: "Təmir nazirliyin nəzarətində həyata keçirilir. Üç ildir ki, təmir gedir. Amma mənim heç nədən xəbərim yoxdur. Bu barədə də danışmaq istəmirəm".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin sözçüsü Şəfayə Əhmədova isə təmir işlərinin gecikməsini belə şərh etdi: "Təmir işləri çox yerdə aparılır. Ola bilsin, buna görə gecikib. Amma bütün hallarda təmir işləri gedir və yəqin ki, yaxın zamanlarda başa çatacaq".
Nazirliyin mətbuat xidmətinin sözçüsü təmirə ayrılan vəsaitlə bağlı məlumatlı olmadığını dedi: "Deyə bilmərəm, nə qədər pul ayrılıb. Bu barədə məlumatım yoxdur".