8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Məlum olduğu kimi martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda geniş nitq söyləmişdir. İlk növbədə, beşinci çağırış Milli Məclisin deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirmiş, Beşinci çağırış Milli Məclis, onun deputatlarının, rəhbərliyinin ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynadıqlarını, parlament tərəfindən qəbul edilmiş qanunların bizim uğurlu inkişafımızın hüquqi bazasının gücləndirməsinə xidmət etdiyini vurğulanmışdır. Altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərməsinə və ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verməsinə əminliyini ifadə etmişdir.
2020-ci il fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Seçkilərin əsas məqsədi ölkədə aparılan islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. 1300-dən çox namizədin iştirak etdiyi bu seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdi. İlk növbədə Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermiş və yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bəyan etmişdir. Nüfuzlu qurumun seçkilərə verdiyi bu qiymət, əslində, seçkilərin tanınması demək idi.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıdığından bu gün kadr islahatları aparılır, yeni, müasir və mütərəqqi düşüncəli, işgüzar kadrlar rəhbər vəzifələrə irəli çəkilir, onların qarşısında konkret vəzifələr qoyulur. Bu islahatlar həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında aparılır.
Ölkə başçısı tərəfindən yeni çağırış Milli Məclis deputatları qarşısına qoyulan vəzifələrdən biri də beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmasıdır. Ölkəmizə qarşı əsassız yanaşma, qərəzli mövqe tutan beynəlxalq qurum və təşkilatlarla işlər gücləndirilməli, ölkəmizin mövqeyi düzgün təbliğ edilməlidir. Hazırda Azərbaycan müasir, dünyəvi dövlət kimi günügündən güclənir və dünyəvilik prinsipləri daha geniş bərqərar olur. Ölkədə radikalizmə qarşı mübarizə daha geniş aparılır və Parlamentin rolu burada çox vacibdir. Bu gün Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Ölkədə həm təhlükəsizlik, həm də sabitlik təmin edilir.
Azərbaycanda siyasi plüralizm ənənələrinin davam etdirilməsi dövlətin siyasi fəaliyyət prinsiplərinin əsaslarından birini təşkil edir. Elə bu səbəbdən də ölkədə siyasi plüralizmin təmin olunması istiqamətində lazım olan bütün addımlar atılmaqdadır. Sözügedən siyasi plüralizmin ənənələrindən biri də parlament seçkiləridir ki, bunun üçün ölkədə bütün mümkün imkanlar yaradılıb. Seçki institutunun bərqərar olması hər bir dövlətin demokratik inkişaf yolu ilə getməsinin ən mühüm göstəricisi, parlament seçkiləri isə siyasi həyatın böyük maraq doğuran hadisələrindəndir.
Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşmışdır. Seçkilərə beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən verilən obyektiv qiymət də özlüyündə mütərəqqi bir seçkinin keçirildiyindən xəbər verir. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Bu mənada, seçkilərdən ötən müddət ərzində qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atıldı, ən əsası isə “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edildi. Bu qanun həm formalaşan yeni siyasi konfiqurasiyanın tələblərinə uyğun oldu, həm də qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsini real hadisəyə çevirdi. Qanun Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulmasına, eləcə də çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektrinin formalaşmasına əsaslar yaratdı. Yeni formalaşan parlamentdə isə Yeni Azərbaycan Partiyasının üstün çoxluğuna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü və tövsiyəsi ilə digər partiyaların nümayəndələri Milli Məclisin sədarətində və komitələrin rəhbərliyində təmsil olunmağa başladılar. Sözsüz ki, bu addım çoxpartiyalı siyasi sistemin güclənməsində və demokratiyanın inkişafında mühüm addım oldu. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etdilər və altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis oldu, müxalifət partiyalarının nümayəndələri parlamentin və onun komitələrin rəhbərliyində təmsil olundular. Bu faktın da Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsində, siyasi münasibətlərin sağlam zəmində gücləndirilməsində böyük əhəmiyyəti oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, uğurlu inkişaf siyasəti bütün sahələrdə özünü büruzə verir. İslahatlarda əsas məqsəd ölkəmizin dünya birliyinə daha yaxından inteqrasiyası, idarəetmədə əsaslı dəyişikliyin, yeniliyin və çevikliyin yaradılması, əhalinin rifahının daha da yüksəldilməsidir. Bütün bunların həyata keçirilməsi üçün kadr siyasəti də önəmli rol oynayır. Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar zamanı kadr seçimində, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alınır. Son illər bu istiqamətdə həyata keçirilən struktur islahatları ölkəmizin inkişafında, eləcə də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə mühüm rol oynayıb.
Azərbayanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar reallığı özünü bütün məqamlarda və proseslərdə ehtiva etməkdədir. Bu xüsusda, daxili siyasətdə də aparılan islahatlar öz uğurlu nəticələri ilə sübut olunmaqdadır. Belə ki, islahatların daha bir amili Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə, eləcə də parlamentimizin fəaliyyətindəki yeniliklərlə göstərilə bilər. Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalıdırlar. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq. İqtisadi sahədə görülən işlərlə bağlı Milli Məclisin rolu artmalıdır, hazırlanan qanunlar adekvat və dəyişən reallıqlara adekvat olmalıdır. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Təhlükəsizlik və sabitlik dayanıqlı inkişafının zəmanətidir. Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir.
Azərbaycanda dayanıqlı iqtisadiyyat təmin edilib. Son illərdə də maaşlar və pensiyalar davamlı olaraq artırılır. Ölkəmizdə müşahidə edilən güclü inkişaf hazırda dünyada hökm sürən bahalaşmanın ağır nəticələrini ölkəmizdə minimuma endirməyə imkan verir. Yoxsulluğun azalması, yeni iş yerlərinin açılması, büdcə xərclərinin, hərbi xərclərin, valyuta ehtiyatlarının artması, sosial proqramların uğurla icra olunması iqtisadi inkişaf nümunəsidir. Təbii ki, ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Azərbaycanın bu günkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər. Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Yaxın tarixi keçmişimizdə - Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Ulu Öndərin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu.
Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyev tərəfindən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə gənclərə dövlət qayğısının artırılmasını təmin edilmişdir. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib.
Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Hər zaman adlarını fəxrlə çəkdiyimiz Mübariz, Fərid, Murad, Samid, Ruhin, Elnur, aprel döyüşlərinin onlarla qəhrəmanı bu gün Azərbaycanımızda yüzlərlə, minlərlədir. Bir sözlə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun aktuallığı bir daha aydın təsbit olunur. Bəli, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu dövrün hər anından səmərəli istifadə etmək gərəkdir.
Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları regionda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Bununla yanaşı, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və ölkə rəhbərliyinin bütün səyləri regionun inkişafına və xalqın rifahına yönəlib. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib. Son illər ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyətli beynəlxalq tədbirlər Azərbaycanın dünyada nüfuzunu xeyli yüksəldib.
Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Eyni zamanda, bu gün Azərbaycanın dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması antimüsəlman siyasətinin, ovqatının hökm sürdüyü Avropada heç də bəzi qüvvələri razı salmır.
Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim edilsin. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışıblar və bu gün də bu anti-Azərbaycan siyasəti davam edir. Avropanın erməni lobbisinin təsiri altında olan bəzi hüquq müdafiə təşkilatları, mətbuatla, insan hüquqları və vətəndaş cəmiyyəti ilə bağlı təşkilatları da anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökumətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər. Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək üçün əvvəlcə ələ alınmış ayrı-ayrı “muzdlu ekspertlərin müəllif yazılarından, sonra beynəlxalq QHT-lərin aksiyalarından yararlanmağa çalışırlar. Bütün bu səylərə baxmayaraq, onların etdiyi cəhdlər indiyə kimi heç bir nəticə verməyib. Azərbaycan bu kampaniyalara hər zaman tutarlı cavab verib və qarşı tərəfin özünü ifşa edib. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməz ki, onların bu kimi ədalətsiz, qərəzli və subyektiv iddiaları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin.
Bu günlərdə altıncı çağırış Milli Məclisin ilk iclasında dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın bütün sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək qanunvericilik bazasının hədəflərlə uzlaşmasını qarşıya mühüm vəzifə kimi qoyaraq, deputatların bu istiqamətdə fəaliyyətlərini daha da artırmalarının vacibliyini bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, beşinci çağırış Milli Məclisin, onun deputatlarının, rəhbərliyinin ölkəmizin uğurlu inkişafında böyük rol oynadığını, parlament tərəfindən qəbul edilmiş qanunların uğurlu inkişafımızın hüquqi bazasını gücləndirdiyini xüsusi qeyd edərək bu əminliyi ifadə etmişdir ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək.
Fuad Rəhimov
Yeni Suraxanı bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən
Sozcu.info