Heydər Əliyevin dövlətçilik fəlsəfəsi

Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin əsasını dövlət idarəçiliyi təşkil etdiyi üçün uzun illərin məhsulu olan dövlətçilik fəlsəfəsi yarandı. Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını bütün xalqlarla sülh şəraitində yaşamaq təşkil edir. Ümummilli lider Heydər Əliyev bu formulanı belə ifadə edib: “Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla, xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq, qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik”. Bu yanaşma Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün “Yurdda sülh, cahanda sülh” formuluna yaxın olmaqla, dövlətlər arasında sülhün xalqlar arasındakı dostluğa və qarşılıqlı anlaşmaya dayana biləcəyi ilə əsaslandırılıb.

Ulu Öndərin dövlətçilik fəlsəfəsində sülhsevərlik bəşəri olduğu qədər də millidir. Azərbaycan xalqının sülhsevər xalq olduğunu bəyan edən Heydər Əliyev bildirirdi ki, bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik. Vətənin müstəqilliyi ilə yanaşı onun ərazi bütövlüyünün müstəsna önəm daşması Ümummilli liderin dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edir. Məhz buna görə uzun illər ərzində çoxsaylı təzyiqlərə baxmayaraq Azərbaycan işğalçı qarşısında güzəştə getməyərək vətən torpağının bir qarışını da güzəştə getmədi. Vətənin müstəqilliyi ilə yanaşı onun ərazi bütövlüyündə güzəştsiz mövqeyinin dövlət siyasətinin təməlini təşkil etməsinin nəticəsidir ki, 26 ildən sonra Azərbaycan işğal altındakı ərazilərini azad etdi.

Dövlətlərarası əlaqələrin hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi əsasında formalaşmalı olduğunu irəli sürən Ulu Öndər bununla Azərbaycanın beynəlxalq münasibətlərin bərabərhüquqlu üzvü olmasını təmin etməklə yanaşı böyük dövlətlərlə eyni hüquqlu əməkdaşlığını təmin etdi.  “Biz hər hansı böyük ölkənin öz nüfuzundan istifadə edərək hansısa kiçik bir ölkəyə təzyiq göstərməsinin əleyhinəyik”.

Ümummilli lider hesab edirdi ki, cəmiyyətdə olduğu kimi beynəlxalq münasibətlər də ədalətə əsaslanmalıdır. “Dünyada heç kəs heç kimə öz prinsiplərini, öz iradəsini zorla qəbul etdirməməlidir, heç bir dövlət digər ölkələrin hüquq və mənafelərini pozmamalıdır”.
Azərbaycanın Türkiyə və türk dövlətləri ilə əlaqəsinə müstəsna əhəmiyyət verən Ulu Öndər Sovet İttifaqı dağılandan və türkdilli respublikalar öz dövlət müstəqilliyini əldə edəndən sonra türkdilli dövlətlərin birliyinin yaranmasını Türkiyə Cümhuriyyətinin türk dünyası qarşısında ən böyük xidməti kimi dəyərləndirmişdi. Bu birliyin türk dövlətlərinin bir-birinə daha da yaxınlaşdırdığını, əməkdaşlığı daha da inkişaf etdirdiyini və müştərək tarixi köklərimizin birlikdə araşdırılaraq dünyaya göstərilməsinə çox böyük töhvə verdiyini qeyd edirdi.

Türkiyə ilə Azərbaycan arasında münasibətləri “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşdıran Ulu Öndər qeyd edirdi ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıb. “Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması - hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir”.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə əsaslanaraq həyata keçirilən dövlət siyasəti Azərbaycanı regionun güclü dövlətlərindən birinə, Cənubi Qafqazın liderinə çevirmişdir. Heç şübhəsiz ki, Ümummilli liderin dövlətçilik fəlsəsini bir yazıda ifadə etmək mümkün deyil. Bu məsələ ayrı-ayrı monoqrafiyaların təhqiqat mövzusu olmalıdır. 
Rəvan Nüsrətli
Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi

Sozcu.info                                        

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}