27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Məhəmməd Əsədullazadə: "Türkiyədə keçiriləcək seçkilərdən əvvəl Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması strateji cəhətdən Azərbaycanın növbəti perspektivdə mövqeyinin güclənməsinə gətirəcək"
Natiq Cəfərli: "Artıq Qərbdə də "erməni məsələsindən" yorulublar, heç bir divident gətirmir və ancaq başağrısıdır"
Samir Hümbətov: "Bundan sonrakı addım Zəngəzur dəhlizinin açılması və Rusiya "sülhməramlıları"nın Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması olacaq"
Aqşin Kərimov: "Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını 10 Noyabr Bəyanatının 6-cı maddəsinin icrasında gəlinən yekun nöqtə hesab etmək olar"
Bugünlərdə, daha dəqiq desək, aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Təbii ki, bu, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına qarşı atılan adekvat addım kimi dəyərləndirilməlidir.
Qeyd edək ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqları məlumatlandırılsa da, Rusiya Müdafiə Nazirliyinin məsələ ilə bağlı yaydığı bülletendə rəsmi Bakının haqlı addımı "birtərəfli və razılaşdırılmamış" hərəkətlər kimi qiymətləndirlib: "2023-cü il aprelin 23-də Azərbaycan tərəfinin birtərəfli və razılaşdırılmamış hərəkətləri nəticəsində Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingentinin 1 saylı müşahidə məntəqəsi (Həkəri çayı üzərindəki körpü) ərazisində nəqliyyatın hərəkəti bağlanıb, Azərbaycan tərəfi ilə danışıqlar aparılır". Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə mövzuya bir qədər fərqli yanaşıb və Azərbaycanla Ermənistan arasında normallaşma üçün əlavə səylərin göstərilməsinin vacibliyini vurğulayıb: "Əlaqələri davam etdiririk. Situasiya, həqiqətən, sadə deyil, o, əlavə səylər, ən əsası sazişlərin həyata keçirilməsinə alternativin olmadığını başa düşməyi tələb edir".
"Arutyunyan Laçın yolundakı sərhəd-buraxılış məntəqəsində saxlanılmalıdır, əks təqdirdə, Xankəndidə ölkəmiz əleyhinə təxribatlarını davam etdirəcək"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bu il ərzində Xankəndi üzərində de-yure nəzarət bərpa ediləcək: "Düşünürəm ki, prezident İlham Əliyev bu il separatizmə son qoyaraq Zəngəzur dəhlizini açacaq. Onu da qeyd edim ki, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması 100 ildən sonra Qarabağda erməni icması ilə Ermənistan arasında birbaşa əlaqə Azərbaycanın tam nəzarətinə keçdi". Bunu böyük qələbə, 44 günlük müharibənin məntiqi nəticəsi kimi dəyərləndirən Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, Araik Arutyunyan Laçın yolunda həbs edilməli və onun sərbəst hərəkətinin qarşısı alınmalıdır: "Ermənistanla sərhəddə Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qoyulduqdan sonra Ermənistan vətəndaşlarının Azərbaycan ərazisinə sərbəst giriş-çıxışının qarşısı alındı. Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə edərək yeni təxribatlara hazırlaşırdı. Ermənistan tərəfi öz istiqamətində nəzarət buraxılış məntəqəsi qurub. Bununla Ermənistan vətəndaşlarının Qarabağa keçidinə imkan verməyəcək. Azərbaycan isə öz növbəsində, Laçın yoluna nəzarəti bərpa etməklə İrəvanın planının qarşısını qətiyyətlə almış oldu".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, qardaş Türkiyədə keçiriləcək seçkilərdən əvvəl Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması strateji cəhətdən Azərbaycanın növbəti perspektivdə mövqeyinin güclənməsinə gətirəcək: "Qeyd edim ki, Xankəndidə oturan separatçıların Ermənistana sərbəst giriş-çıxışının qarşısının alınması labüddür. Hələlik ilk addım kimi Azərbaycan separatçıların rəhbəri Araik Arutyunyanı beynəlxalq axtarışa verib. O, müharibə cinayətləri törətməkdə təqsirləndirilərək istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib. Odur ki, Araik Arutyunyan Laçın yolundakı sərhəd-buraxılış məntəqəsində saxlanılmalıdır. Əks təqdirdə, o, cəzasızlıqdan istifadə edərək Xankəndidə ölkəmiz əleyhinə təxribatlarını davam etdirəcək".
"Azərbaycanın Laçında sərhəd-keçid məntəqəsi qurmasına bəzi ölkələrdən və təşkilatlardan gələn reaksiyalar "xala xətrin qalmasın", yanaşması ilə verilən bəyanatlardır"
Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə bildirib ki, Azərbaycanın Laçında, öz sərhədində öz Konstitusitasına və beynəlxalq hüquqa əsaslanaraq sərhəd-keçid məntəqəsi qurmasına bəzi ölkələrdən və təşkilatlardan gələn reaksiyanı öyrəndikcə, aydın olur ki, bunlar çox yumşaq notlarla, "xala xətrin qalmasın", yanaşması ilə verilən bəyanatlardır: "Bunun səbəbiləri çoxdur. Birincisi, əgər indi Qərb, "Qarabağ xalqı öz müqəddəratını təyin edə bilər", desə, "Xankəndinə gedən yola Azərbaycan nəzarət edə bilməz, bu humanitar məsələdir", söyləsə, həmən Kreml onların başına çökərək, "Bəs Donbas xalqı, Krım da öz müqəddəratını təyin edib, niyə qəbul etmirsiz", deyəcək, "Bəs Krıma gedən yollara Ukrayna niyə etiraz edir, siz niyə o yolları vurursuz, axı bu da humanitar məsələdir", söyləyərək hücuma keçəcək. İkincisi, Qərbdə də "erməni məsələsindən" yorulublar, artıq heç bir divident gətirmir, ancaq başağrısıdır. Əvvəl Türkiyəyə və Azərbaycana təzyiq kimi işlək idi, indi gündə 10 dəfə "genosid" deyirlər Ankara vecinə almır, rəsmi Bakı isə Qərbin ən yaxın müttəfiqinə çevrilib, nə istəsələr imtina gəlmir. Bizim öz neft-qazımız bir qırağa, hətta Qazaxıstan neftinin, Türkmənistan qazının Rusiyadan yan keçirməklə Qərbə nəqlini də Bakı üzərindən həll edirlər".
REAL-ın icra katibi qeyd edib ki, Ukrayna xalqının qəhramanlıq mücadiləsi dünyanı sürətlə "post-Putin" və zəifləmiş Rusiya dönəminə hazırlaşmağa vadar edir: "Cənubi Qafqazda və Orta Asiyada Rusiyadan boşalan yeri nə İran, nə də Avropa Birliyi və ABŞ-dan ayrı olaraq təkbaşına Fransa tuta bilər. Artıq oturuşmuş əlaqələri və təsir mexanizmləri olan tək ölkə Türkiyədir. NATO üzvü olan Türkiyənin bu boşluğu doldurması Qərb üçün də maraqlıdır".
Politoloq onu da əlavə edib ki, Ermənistan üçün gələcəkdə böyük təhlükəsizlik "çətiri" lazım olacaq: "300 ilə yaxın, hər mənada başlarında tutduqları "rus çətiri" onlara ancaq bəla gətirdi, indi "post-Rusiya" dönəmi üçün yeni "çətir" lazımdır. Bu isə ancaq NATO üzvlüyü və qonşularla normal münasibət ola bilər. Ümumiyyətlə, Cənubi Qafqazda bütün problemlərin köklü həlli ancaq ümumi təhlükəsizlik, iqtisadi və hüquqi məkanda birləşməkdən keçir. Yəni, Ermənistanın NATO üzvlüyü digər iki Cənubi Qafqaz ölkələrsiz mənasız olacaq, deməli, konsepsiya daha geniş "çətir" yaradılmasına doğru dəyişir. Ona görə də xaricdən gələn reaksiyalara bənd olmadan gələcək yeni fraqmental dünyada öz yerimizi daha möhkəm təməllər üzərinə inşa etməliyik. Bunun üçün isə sülh, sistem islahatları və böyük "çətir" önəmlidir. Zatən Türkiyənin NATO-nun ən vacib və güclü ikinci ölkəsi olması bizim üçün artıq kiçik "çətir" effekti yaradıb".
"Azərbaycan üçün qırmızı xəttin tapdanması ötən ilin dekabr ayının 3-dən başladı, belə ki, məmurlarımızın və mediamızın suveren ərazilərimizə buraxılmaması artıq bardağı daşırtdı"
"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov da bu qənaətdədir ki, Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduqdan sonra artıq Qarabağ regionuna qanunsuz silah-sursat və digər vasitələr, eləcə də terrorçu dəstələr daşına bilməyəcək: "Hesab edirəm ki, belə çətin şəraitdə Azərbaycanın sərhəd buraxılış məntəqəsi qurması həm Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına, həm Ermənistana, həm də digər dövlətlərə və güclərə açıq mesajdır. Bu, həm də onu göstərir ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin dediyi kimi, biz dövlət maraqlarımızın qorunması məsələsində heç kimə güzəştə getməyəcəyik. Həm də bu addım Azərbaycanın müstəqil siyasət yürütməsinin açıq göstəricisi kimi dəyərləndirilə bilər. Bu arada onu da qeyd etmək yerinə düşər ki, 12 dekabr 2022-ci ildən etibarən azərbaycanlı eko fəalların təbii sərvətlərimizin qanunsuz istismarının dayandırılması ilə bağlı başlatdığı etiraz aksiyası öz məntiqi nəticəsini vermiş oldu".
Politoloqun fikrincə, bundan sonrakı addım Zəngəzur dəhlizinin açılması və Rusiya "sülhməramlıları"nın Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması olacaq: "Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasıyla Azərbaycan müstəqillik əldə etdiyi dövrdən etibarən ilk dəfədir ki, dövlət sərhədlərimiz tam şəkildə nəzarətimizə götürülüb. 10 noyabr 2020-ci ildə 44 günlük II Qarabağ müharibəsinin başa çatmasını bildirən üçtərəfli bəyannamənin şərtlərinə uyğun olaraq Rusiya "sülhməramlıları" Laçın dəhlizinə nəzarəti müqavilənin prinsiplərinə uyğun həyata keçirməli idilər. Amma təəssüflə demək lazımdır ki, 2 il 5 ay 13 gün ərzində Ermənistan və Qarabağdakı separatçı qüvvələr tərəfindən hər cür təxribatlar, qanunsuzluqlar baş verib, "sülhməramlılar" isə bütün baş verənləri sanki görməzdən gəlirdilər. Hətta onu qeyd etmək olar ki, Fransada prezidentliyə namizəd Valeri Pekresin də, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun da Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər etməsi üçün şərait yaradılmasının da məsuliyyəti məhz Rusiya "sülhməramlıları"nın üzərinə düşürdü. Əlbəttə baş vermiş bütün hadisələrin əsas kökündə dayanan səbəblərin birincisi Rusiya "sülhməramlıları" tərəfindən Laçın dəhlizinə nəzarətin düzgün təşkil edilməməsindən qaynaqlanırdı. Azərbaycan tərəfi ən yüksə səviyyədə xəbərdarlıq edərək 10 Noyabr üçtərəfli bəyannamənin şərtlərinin icrasının vacibliyinə vurğu etmişdir. Təbii ki, Ermənistan, Rusiya və Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejim rəsmi Bakının xəbərdarlıqlarına ciddi əhəmiyyət verməməyə çalışırdılar. Azərbaycan üçün qırmızı xəttin tapdanması ötən ilin dekabr ayının 3-dən başladı. Məmurlarımızın və mediamızın Azərbaycanın suveren ərazilərinə buraxılmaması artıq bardağı daşırtdı".
Samir Hümbətov sonda onu da bildirib ki, Azərbaycan Fərrux əməliyyatı ilə səssiz diplomatiya yolunu tutmağa başladı: "Yəni, səssiz və planlı şəkildə əməliyyatları keçirməklə əsas strateji nöqtələr Azərbaycanın nəzarətinə keçməyə başladı. İndi artıq Laçın dəhlizi Azərbaycanın nəzarətindədir. Hesab edirəm ki, bu, çox doğru və zamanında atılmış addımdır. Azərbaycan prezidenti cənab İlham Əliyevin son zamanlar açıq mətnlə qarşı tərəfə verdiyi mesajlar artıq təcrübədə öz əksini tapmağa başlayıb. Odur ki, atılan bu addımlar səssiz şəkildə atılmış addımlardan biridir".
"Moskva sərhədlərimizin təhlükəsizliyi məsələsinə Bakının strateji maraqları kontekstindən deyil, özünün maraq dairəsi bucağından baxır"
Siyasi şərhçi Aqşin Kərimov isə qeyd edib ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını 10 Noyabr Bəyanatının 6-cı maddəsinin icrasında gəlinən yekun nöqtə hesab etmək olar: "10 Noyabr Bəyanatının qüvvədə olma müddəti yekun nöqtəyə doğru yaxınlaşdıqca, Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində bir sıra mühüm addımlar atması üçün yeni şansa yiyələndi. Proseslərə son həftələrdə Qərbdən regiona intensiv səfərlər və Rusiyanın maraqları fonunda izah vermək zərurəti də yaranır. Konseptul olaraq Azərbaycan və onun sərhədləri məsələsi Qərb, əsasən də ABŞ-Böyük Britaniya ikilisinin diqqət mərkəzində dayanır, hərçənd ki, Vaşinqton Londondan fərqli olaraq ara-sıra bəzi cığal davranışları Ermənistanın xeyrinə nümayiş etdirib. Avropa İttifaqı isə Qərbdəki Azərbaycanla Ermənistan arasında seçim edən qüvvələrin əlində yellənərək qəti və vahid mövqe qoymaqdan çəkinirdi, lakin Brüssel Bakı ilə münasibətlərin ruhunu sarsıtmaqda maraqlı deyil".
Rusiyaya gəlincə, siyasi şərhçi hesab edir ki, Moskva Azərbaycanın sərhədlərinin təhlükəsizliyi məsələsinə Bakının strateji maraqları kontekstindən deyil, özünün maraq dairəsi bucağından baxır: "Lakin Kremllə Bakı bir sıra məsələləri böyük ölçüdə razılaşdırmış kimi görünür. Rusiyanı narahatlıq içərəsinə salan Ermənistanın sərhədlərindəki hadisələrin İrəvanı əridib yox etmək potensialı deyil, Moskvanı düşündürən hadisələrin Qarabağdakı nizamlanma oxuna təsirləridir. Rusiya hər vəchlə Qarabağdakı sülhməramlı qüvvələri vasitəsilə özünün tənzimləmə müstəvisindəki monopoliyasını qurmağa cəhd edir və gələcək üçün mümkün böhranların idarə edilməsi üçün barmaq yeri saxlayır. Ancaq Azərbaycan regionda birbaşa hərbi iştirakı olan Rusiya ilə danışıqları, onun nəticələrini kənara ata bilməz, əksinə bir sıra məsələlər Moskva ilə danışıqlar nəticəsində ortaya çıxır. Ona görə də, Laçın-Xankəndi yolunun sıfır nöqtəsindəki buraxılış məntəqəsi üzrə nəzarət mexanizminin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcəyi başadüşüləndir. Əlqərəz, budəfəki hadisə Qarabağda yaşayan ermənilərin seçim imkanını ikidən artıq edə bilmir, hərçənd ki, yeni-yeni təhlükəli versiyalar ortaya çıxa bilər. Məsələn, Azərbaycan Rusiyanın Qərblə dərinləşən və kəskinləşən mübarizəsi fonunda Qarabağdakı erməni əhali ilə manipulyasiyaya başlaya bilmə ehtimalını nəzərə almalıdır. Düzdür, Azərbaycan baş verə biləcək təxribatlara da adekvat cavab tədbirləri düşünür, onun planını tərtib edir, amma prosesin uzanması Bakı üçün situativ çətinliklər yarada bilər".
Aqşin Kərimovun sözlərinə görə, Azərbaycan bu zamana qədər istər Qərb, istər Rusiya, istərsə də İran mərkəzli təxribatların öhdəsindən gələrək ən çətin mərhələləri adlayıb, Qarabağ üzrə təxribat kanallarını böyük miqyasda qapada bilib: "Deməli, nəticə olaraq, Qarabağdakı ermənilərin seçimi həqiqətən də 2-dən artıq deyil, ya Azərbaycan Konstitusiyanı qəbul etməli, ya da Azərbaycan ərazilərini tərk etməlidirlər. Sərhəd-buraxılış məntəqəsinin qurulması erməni əhalinin seçim qərarlarının aydınlaşdırılmasına kömək edəcək. Yox, əgər iki variantdan da imtina edilsə, Azərbaycan milli təhlükəsizlik prizmasından çıxış edərək ölkə qanunlarına itaətsizlik göstərəcək şəxslərin cəzalandırılması qaydasını nümayiş etdirəcək. Hər halda, görünən odur ki, sərhəd-buraxılış məntəqəsi Qarabağdakı ermənilərin Azərbaycanın ictimai-siyasi həyatına inteqrasiyası üçün yeni mərhələdir – indi separatçılar, mülki ermənilər bu şansı dəyərləndirməlidir. İndi separatçıların özləri və mülki erməni əhali üçün düzəltdiyi saxta pasportların da əhəmiyyəti qalmır, çünki keçid zamanı o pasportlar tanınmayacaq. Deməli, keçidin təmini üçün həmin pasportlar Azərbaycan, ya da Ermənistan pasportları ilə əvəzlənməlidir. Azərbaycanın quraşdırdığı sərhəd-buraxılış məntəqəsində naryad Dövlət Sərhəd Xidməti tərəfindən təşkil ediləcək, artıq Azərbaycan ərazilərinə giriş üçün heç bir alternativ yol qalmır. Sərhəd naryadı mümkün təxribatların qarşısını almaq üçün atəş açmaq, təhlükəli ünsürləri zərərsizləşdirmək üçün beynəlxalq norma və hüququn tanıdığı addımlar atmaq səlahiyyətinə malikdir. Deməli, Azərbaycan Laçın-Xankəndi yolundakı sərhəd məntəqəsi ilə növbəti atəş açmaq üçün beynəlxalq dəstək də qazanmış olacaq. Ermənistanın bundan sonra Qarabağa silah daşıması üçün kanallar bloklanır, təbii ki, burada aviasiya uçuşları ilə silah ötürülməsindən söhbət heç gedə bilməz. Hər halda, Azərbaycan indi Xocalıdakı aeroporta da nəzarəti bərpa etməyi düşünür".
Vazeh BƏHRAMOĞLU