“BİZİM AİLƏMİZ TÜRK DÜNYASIDIR!”

Fevral ayının 7-də xalq öz seçimini etdi, 20 il ağlına, zəkasına, iradəsinə və məntiqinə sığındığı, sözü imzasına bərabər olan layiqli namizədə səs verdi. 14 fevral tarixində dünya bir daha xalqın öz liderinə, liderin də öz xalqına sevgisinin şahidi oldu. Andiçmə məqasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 illik hakimiyyəti dövrünə ekskurs etdi, gələcəkdə qarşıda duran məsələləri açıqladı, ölkənin yol xəritəsini cızaraq dedi: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Uzun illərin təcrübəsi göstərdi ki, əgər əvvəllər Azərbaycana yalan vədlər verərək gözdən pərdə asmaq istəyirdilərsə, indi qərəzli münasibətlər açıq-aydın görünür. Təbii ki, belə olduğu halda “Yaxşı dost dar gündə tanınar” el məsəlini əldə əsas tutaraq qardaşlıq münasibətlərimizi səmimi və qarşılıqlı hörmət üzərində qurduğu Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə güclü iqtisadi, hərbi, siyasi münasibət qurmalı və bu Təşkilatın daha da güclənməsi üçün çalışmalıyıq, çünki bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardırAzərbaycan  istər dil, istərsə də ərazi baxımından Türk Dünyası arasında bir körpü, həm də onun bir parçasıdır. Gün keçdikcə bu körpü daha da möhkəmlənir, əhəmiyyəti və ona ayrılan diqqət artır...  Hələ 2009-cu il oktyabr ayının 3-də Azərbaycanın Naxçıvan şəhərində Türk Dövlətlərinin ölkə başçılarının IX zirvə görüşündə Türk Dünyasının siyasi və iqtisadi gücünün birləşdirilməsinə önəm verən Azərbaycan Prezidenti İlham Əliyev demişdir:"Axı türkdilli dövlətlərin bütün imkanları var - təbii resursları, neft-qaz yataqları, əlverişli coğrafi mövqeyi, güclü iqtisadiyyatı, istedadlı insanları, yeni infrastrukturu. Bütün bu imkanları cəmləsək, türkdilli dövlətlər dünya miqyasında böyük gücə çevrilər!"
Məlumdur ki, məhz nümayəndələri iştirak edən türk dövlətlərinin sayına görə də özündən əvvəlkilərdən fərqlənən Naxçıvan sammitində TÜRK BİRLİYİNİN əsası qoyulmuşdurBu sammitdə Azərbaycan Prezidenti İlham Əliyev münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul edildiyini, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatların da oxşar sənədlər qəbul etdiklərini, lakin Ermənistanın bu qətnamə və qərarların tələblərinə məhəl qoymadığını, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırdığını Sammit iştirakçılarının – dost, qardaş ölkələrin nümayəndələrinin diqqətinə çatdırmışdır.
2019-cu il oktyabrın 15-də Türkdilli dövlətlərin Bakıda keçirilən VII sammitində çıxış edərkən “Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququ norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” - deyən Ali Baş Komandan İlham Əliyev cəmi bir il sonra torpaqlarımızı hərbi yolla işğaldan azad etmiş, bölgənin mənzərəsini dəyişməklə yanaşı yeni iqtisadi layihələrə, tərəfdaşlıqlara da yol açmışdı. 
Müharibənin ilk günlərində (28 sentyabr 2020-ci il) Türk Şurasının Qazaxıstandan olan baş katibi Bağdad Amreyevin adından Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayılmışdı. Bəyanatda deyilirdi: “Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyir və Ermənistan – Azərbaycan münaqişəsinin təcili olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini bir daha vurğulayır. Bu çərçivədə Türk Şurası BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə geri çəkilməyə çağırdığını xatırladır”.
Budur qardaş dəstəyi, dost köməyi!
44 günlük Vətən müharibəsindəki qələbəmiz Azərbaycanın və bütün türk dövlətlərinin tarixinə şan-şöhrət gətirdi. Qürur hissi ilə yanaşı qələbəmiz bölgənin, eləcə də Türk Şurası dövlətlərinin(indiki Türk Dövlətləri Təşkilatının – G.Y.) Azərbaycana, regionda yaranmış yeni iqtisadi layihələrə, imkanlara, onların bölgədəki gələcək roluna və digər məsələlərə baxışını dəyişdi... 
Bu gün güclü, qüvvətli, imzalar içində imzası olan Azərbaycan Türk Dünyasının qürur və ilham mənbəyidir.
Güllü Yoloğlu
Tarix elmləri doktoru, türkoloq, 
AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri

Sozcu.info

 



Oxşar Xəbərlər

Xəbər lenti