31 mart -Azərbaycanlıların Soyqırımı Günü


Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlarıla dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə amansız qəddarlıqla həyata keçirildi.

Mart soyqırımı zamanı ermənilər Bakıda azərbaycanlı-müsəlman əhalisini soyqırıma məruz qoyduqları kimi, mədəniyyət abidələrimizi, qəbiristanlıqları, məscidləri, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Azərbaycanda 1918-ci il martın sonu və aprelin əvvəlində ermənilər tərəfindən törədilən qırğınların coğrafiyası yalnız Bakı ilə məhdudlaşmayıb, respublikanın bir sıra bölgələrini də əhatə edib. O cümlədən Şamaxıda 58 kənd dağıdılıb, 7000 insan xüsusi qəddarlıqla öldürülüb. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilib. Ümumiyyətlə, ermənilərin 1918-ci ilin yazında Bakıda və bölgələrdə törətdikləri qırğınlar nəticəsində aralarında çoxlu sayda uşaq, qadın, qoca olmaqla 50 mindən çox soydaşımız həyatını itirib.

Mart hadisələrinin əsas təşkilatçısı olan S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda bildirmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyil. Biz bilərəkdən buna yol verdik”. Göründüyü kimi, ermənilərin xalqımıza qarşı soyqırımı siyasəti sistemli xarakter daşıyıb və bu, erməni vandalizminin növbəti nümunəsi olmaqla yanaşı, bəşər tarixinin ən qanlı səhifələrindən birini təşkil edir.

Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hal-hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

Eyni zamanda, Prezident İlham Əliyev 18 yanvar 2018-ci il tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sənəddə bildirilir ki, ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Gülöyşə Azad qızı Əhmədzadə

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}