"Müxalifətin prezident seçkilərini boykot etməsi doğru qərar deyil" - XAQANİ CƏFƏRLİ


"Azərbaycanda seçkilərin boykot edilməsi üçün göstərilən əsaslar ciddi qəbul oluna bilməz"

"Rusiya müxalifətinin leqal siyasi fəaliyyət imkanları ləğv edilib. Rusiya müxalifətinin lideri Aleksey Navalnı ard-arda bir neçə də mühakimə olunaraq müxtəlif müddətlərə həbs cəzasına məhkum edilib. İki il öncə 2 fevral 2021-ci ildə 2 il 8 ay, bir sonra 22 mart 2022-ci ildə 9 il müddətinə azadlıqdan məhrum edilən Aleksey Navalnı nəhayət, 4 avqust 2023-cü ildə cəzasını xüsusi rejimli koloniyada çəkmək şərti ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. Navalnı ekstrimist təşkilat yaratmaqda və ona rəhbərlik etməkdə ittiham olunub". "Hürriyyət"in məlumatına görə, bunu politoloq Xaqani Cəfərli deyib.

Politoloq bildirib ki, Navalnının qurucusu olduğu Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) ekstrimist təşkilat kimi tanınaraq, ekstrimist və terrorçu təşkilatların siyahısına daxil edilərək, fəaliyyəti Rusiyada qadağan edilib: "Fondun bir çox rəhbərləri ekstrimist təşkilatın fəaliyyətində iştirak adı ilə həbs olunub. Fondun digər rəhbərləri ölkədən qaçmaqla həbsdən xilas ola biliblər. Bütün bunlara baxmayaraq, Navalnı tərəfdarlarını 15-17 mart tarixlərində, üç gün ərzində keçiriləcək prezident seçkilərində iştirak etməyə və Putinin əleyhinə, istənilən namizədin xeyrinə səs verməyə çağırıb. Jurnalist Yekaterina Duntsova qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini bəyan etdikdən sonra prokurorluğa çağrılıb. Putinin şəxsi bankı hesab olunan "VTB Bank" Yekaterina Duntsovanın bank hesabına köçürmələri bloklayıb. Prezident seçkilərində Yekaterina Duntsovanın namizədliyini irəli sürən təşəbbüs qrupunun iclas keçirdiyi zalın işıqları söndülüb. Bütün bunlara baxmayaraq, xanım Duntsova sona qədər mübarizə aparmaq və prezident seçkilərində iştirak etmək niyyətindədir".

Xaqani Cəfərli hesab edir ki, dinc, demokratik dəyişikliklər tərəfdarı olan siyasi qüvvə leqal siyasi fəaliyyət imkanından sonuna kimi, ən məhdud şəraitdə belə, istifadə etməliddir: "Navalnı və Duntsovanın çağırış və təşəbbüsləri də buna xidmət edir. Rusiya müxalifəti ilə müqayisədə leqal fəaliyyət imkanları daha çox olan Azərbaycan müxalifətinin prezident seçkilərini boykot etməsini doğru qərar hesab etmirəm. Müharibənin müharibə adlandırılmasının cinayət hesab olunduğu Rusiyada müxalifət və vətəndaş cəmiyyəti seçkilərdə iştirakdan imtina etmək istəmirsə, Azərbaycanda seçkilərin boykot edilməsi üçün göstərilən əsaslar ciddi qəbul oluna bilməz. Seçki yalnız hakimiyyət dəyişikliyi mexanizmi deyil. Seçki ən böyük siyasi kampaniyadır. Müxalifət ən azından tərəfdaşlarının seçki təcrübəsi, cəmiyyətin isə seçki vərdişləri və mədəniyyəti qazanması üçün bu siyasi kapmaniyadan istifadə etməlidir. Müxalifətin seçkilərdə iştirakdan imtina etməsini doğru hesab etməyənlərə, bu qərarı tənqid edənlərə qarşı qaralama kapmaniyası isə tamamilə qəbul edilməzdir".

Vazeh BƏHRAMOĞLU



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}